Son zamanlar bir çox ölkələrdə yeniyetməlik dövrünə yeni addımlarını atmış uşaqlar arasında “Sephora kids” termini istifadə olunur ki, erkən yaşlarından etibarən tərkibində yeniyetmələr üçün zərərli hesab edilən turşular olan serumlar, kremlər və digər baxım məhsullarını istifadə edənləri təsvir etmək üçün nəzərdə tutulur. Bu tendensiya geniş yayılır və artıq bir çox kosmetoloq və dermatoloqlar həyəcan təbili çalır. Bu mövzudan yola çıxıb biz də suallarımızı kosmetoloq Rəna Bayramovaya ünvanladıq.
-Hazırda sosial mediada gözəllik standartları əsasında yeniyetmələr yanlış üzə qulluq vasitələri istifadə edir və üz dərilərini korlayırlar. Bu barədə valideynlər və satış mərkəzləri, sizcə, hansı tədbirləri görməlidirlər?
Hazırda sosial mediada paylaşım olunan gözəllik trendləri yeniyetmələrə çox təsir göstərir. Təəssüf ki, onlar həkim və ya mütəxəssis məsləhəti olmadan müxtəlif üzə qulluq vasitələri istifadə edir və nəticədə, dərilərinə ciddi ziyan vururlar. Bu halların qarşısını almaq üçün valideynlər övladları ilə açıq ünsiyyət qurmalı, düzgün qulluq qaydalarını onlara izah etməlidirlər. Eyni zamanda, satış mərkəzləri də məsuliyyətli davranmalı, hər bir məhsulu alıcıya təqdim edərkən yaşa uyğun istifadəsi barədə məlumat verməlidirlər. İndiki dövrdə maarifləndirici layihələr, seminarlar və sosial media üzərindən doğru məlumatların paylaşılması çox vacibdir.
-Xüsusilə də bəzi gənc qızlar erkən yaşdan qocalmaq əleyhinə kremlər istifadə edirlər. Bunun nə kimi zərəri ola bilər?
Qocalma əleyhinə kremlər adətən 25-30 yaşdan sonra istifadə üçün nəzərdə tutulub. Çünki gənc dəridə hələ təbii kollagen və elastin kifayət qədər aktiv olur. Yeniyetmə və gənc yaşlarda bu tip məhsulların istifadəsi dərini yükləyə, təbii bərpa mexanizmini zəiflədə və hətta allergik reaksiyalara səbəb ola bilər. Hər yaş dövrünün özünə uyğun qulluq qaydaları var. Ona görə də gənc qızlara, əsasən, düzgün təmizləmə, nəmləndirmə və günəşdən qorunma kifayətdir. Daha ağır vasitələrə isə vaxtından əvvəl ehtiyac yoxdur.
Rəna Qarayeva