Bu gün:

Qızıl qan – dünyanın ən nadir qan qrupu


Qan qruplarına əlavə olaraq tibbdə çox nadir rast gəlinən və “qızıl qan” kimi tanınan başqa bir qan qrupu da mövcuddur. Elmi adı Rhnull (Rhesus null) olan bu qan qrupu indiyədək dünyada cəmi təxminən 50 insanda aşkarlanıb.

Qızıl qan qrupunda adi halda mövcud olan bütün Rh antigenləri yoxdur. Bu xüsusiyyət sayəsində Rhnull qanı Rh sistemindəki bütün nadir qan növləri ilə uyğun gəlir və həyati əhəmiyyət daşıyan universal donor hesab olunur.


Çox az insanda tapıldığı üçün qızıl qan tibbdə “ən dəyərli qan” kimi tanınır. Beynəlxalq qan banklarında xüsusi şəraitdə saxlanılır və fövqəladə hallarda istifadə edilir. Hətta tək bir vahid belə, nadir qan qrupu olan xəstənin həyatını xilas edə bilər.


Bu qan qrupuna sahib insanlar üçün donor olmaq çox önəmlidir, lakin onlar üçün uyğun qan tapmaq son dərəcə çətindir. Belə şəxslərə yalnız eyni qrupdan – yəni qızıl qandan qan köçürülə bilər. Buna görə də onların sağlamlıq qeydləri və donor ehtiyatları ÜST tərəfindən xüsusi nəzarətdə saxlanılır.


Rhnull qanı ilk dəfə 1961-ci ildə Avstraliyada aborigen mənşəli bir qadında aşkarlanıb. O vaxtdan bəri isə yalnız bir neçə onlarla hadisə qeydə alınıb.


Mütəxəssislərin sözlərinə görə, qızıl qan təkcə qanköçürmədə deyil, həm də yeni müalicə üsullarının araşdırılmasında “köçürmə elminin müqəddəs qülləsi” sayılır.


Mənbə: Sözcü

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et