Orta hesabla bir yetkin insan gün ərzində təxminən 20 dəfə əsnəyir. Amma ən maraqlısı odur ki, başqasını əsnəyərkən görmək çox vaxt sizi də buna sövq edir. Bu refleksi boğmaq isə demək olar ki, mümkünsüzdür. Bəs niyə? Niyə əsnəmək yalnız yorğunluq əlaməti deyil, həm də yoluxucu bir davranışdır?
Bu sadə refleks düşündüyümüzdən daha dərin məna daşıya bilər. Əsnəmənin niyə baş verdiyi barədə vahid fikir yoxdur. Bəzi alimlər bunun tənəffüslə bağlı olduğunu düşünür. Yorulduğumuz zaman dərin nəfəs almağı dayandırırıq və bədənimizdə karbon qazı toplanır. Əsnəmək isə bir növ xüsusi nəfəsalma üsulu kimi oksigen qəbulunu artırır və artıq karbon qazını çölə atır.
Başqa bir nəzəriyyəyə görə, əsnəmək beynin temperaturunu aşağı salaraq onu soyudur. Həmçinin bəzi araşdırmalar bu hərəkətin daxili orqanları və ağciyərləri gərərək orqanizmi yenidən canlandırdığını irəli sürür. Yəni əsnəmək sadəcə yuxulu olduğumuz zaman deyil, beynin və bədənin müəyyən kimyəvi dəyişikliklərinə cavab olaraq da ortaya çıxır.
Araşdırmalar göstərir ki, başqasının əsnəməsini görmək əsnəmə ehtimalını altı dəfə artırır. Alimlər bu təsiri “sosial güzgü” və ya “təqlid etmə” davranışı ilə izah edirlər. Necə ki qarşınızdakı insanın gülümsəməsinə qarşılıq olaraq gülümsəyirsiniz və ya onun ayağını ayaq üstünə atmasını təkrarlayırsınız.
Beyindəki güzgü neyronlar gördüyünüz hərəkəti istəmədən təkrarlamağınıza səbəb olur. Bu hal təkcə insanlarda deyil, şimpanze və aslan kimi sosial heyvanlarda da müşahidə olunur. Bundan başqa, yoluxucu əsnəmənin cəmiyyət daxilində oyanıqlığı artırdığı, qrup davranışlarını sinxronlaşdırdığı və sosial bağları möhkəmləndirdiyi düşünülür. Bir sözlə, əsnəmənin yoluxucu olması bizi bir-birimizə bağlayan təkamül refleksi ola bilər.
Əsnəmək yalnız insanlara məxsus deyil. Əksər məməlilər, hətta quşlar, sürünənlər və bəzi balıq növlərinin də əsnədiyi məlumdur. Hətta beynin daha böyük və mürəkkəb olduğu növlərdə əsnəmənin daha uzun çəkdiyi müşahidə olunub. Bu da əsnəmənin birbaşa beyin kimyası ilə əlaqəli olduğuna dair ipucu verir.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
