Elmi araşdırmalar göstərir ki, gün ərzində qəbul etdiyimiz qidalar və onların vaxtı yuxunun keyfiyyətində mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, gün ərzində balanslı qidalanma əsas amildir.

Kolumbiya Universitetindən professor Marie-Pierre St-Onge deyir: “Bütün günü yaxşı qidalanmayıb, sadəcə yatmazdan əvvəl bir stəkan albalı şirəsi içməklə yaxşı yuxu gözləmək olmaz”.
Miçiqan Universitetinin dosenti Erica Jansen-in apardığı araşdırmaya görə, gündə üç-dörd porsiya əlavə meyvə və tərəvəz yeyən insanların yuxusuzluq əlamətlərində əhəmiyyətli yaxşılaşma olub. Bu qidaların tərkibindəki triptofan və lif melatonin istehsalını artıraraq yuxunu dəstəkləyir. Eyni zamanda, maqnezium da önəmlidir. İspanaq, paxlalılar və toxumlarda olan bu mineral sinir sistemini sakitləşdirir, stressi azaldır və depressiya əlamətlərinə müsbət təsir göstərir.
Alimlər vurğulayırlar ki, yeməklərin vaxtı da böyük əhəmiyyət daşıyır. Yatmazdan bir neçə saat əvvəl yeməyi dayandırmaq və səhər gün işığında qidalanmaq yuxuya getməni asanlaşdırır. Ümumilikdə, bitkilərlə zəngin, lifli və balanslı pəhriz yuxu keyfiyyətini yaxşılaşdırır. Lakin yuxu pozğunluğu olan şəxslərə yalnız qidalanma deyil, tibbi dəstək də tövsiyə olunur.
Mənbə: BBC News
Tərcümə etdi: Asiya Zeynallı
