Bu gün:

Stres niyə mədəyə təsir göstərir?


Orqanizmimizin ümumi idarəsini beynimiz həyata keçirsə də, bağırsaqların da özünəməxsus sinir sistemi mövcuddur. Bu sistem o qədər güclüdür ki, bəzən ona “ikinci beyin” də deyilir. Həmin sistemin adı enterik sinir sistemidir.

Enterik sinir sistemi, beyindən kənarda ən çox sinir hüceyrəsi toplusuna sahib olan sistemdir. O, yalnız mədə-bağırsaq funksiyalarını müstəqil şəkildə idarə etmir, həm də beynimizdə olduğu kimi eyni stres hormonlarını və neyrotransmitterləri ifraz edir və onlara cavab verir. Bağırsaqlarımızla beynimiz arasındakı əlaqə də məhz bu sistemdən qaynaqlanır. İki sistem müstəqil işləsə də, bu əlaqə sayəsində beynimiz həzm prosesini izləyə və bağırsaqlardakı fəaliyyəti dəyişə bilir.

Bu səbəbdən, beynimiz kədər, gərginlik və ya narahatlıqla üzləşdikdə həmin siqnalları həzm sisteminə ötürür. Nəticədə qarında ağrı, spazm, narahatlıq və ya şişkinlik kimi simptomlar yarana bilər.

Eyni zamanda, bağırsaqlarda yaşayan bakteriyalar düşüncələrimizə və emosiyalarımıza təsir göstərmə qabiliyyətinə malikdir. Onların davamlı dəyişməsi ruh halımızı dəyişdirə bilir. Uzunmüddətli stres isə bağırsaqların həssaslığını artıraraq müxtəlif həzm pozuntularına, xroniki ağrılara və hətta ciddi xəstəliklərə səbəb ola bilər.


Mənbə: Buzz feed 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et