Bu gün:

Uşaqların şəkər qəbulunda doğru yanaşma hansıdır?


Uşaqların emal olunmuş şəkərli qidaları qəbul etməsi mövzusunda valideynlər fərqli strategiyalar tətbiq edir.

Bəzi ailələr o qədər sərt davranır ki, uşaqlarına dondurma da daxil olmaqla, heç bir şəkərli məhsul vermirlər. Digərləri isə, məhdudiyyətlərin gələcəkdə əks təsir göstərə biləcəyini düşünərək, uşaqlara əsas yeməklərdən əvvəl belə şirniyyat yeməyə icazə verirlər.

Mütəxəssislər isə hesab edir ki, uşaqların qidalanmasında valideynlərin istiqamətləndirməsi həlledici rol oynayır. Onların sözlərinə görə, uşaqların həyatının ilk min günü ərzində şəkər qəbulunun məhdudlaşdırılması gələcəkdə bir çox sağlamlıq probleminin qarşısını ala bilər.

İlk illər: ən həssas dövr

Uşaq Endokrinologiya və Diabet Dərnəyinin sədri Prof. Dr. Olcay Evliyaoğlu bildirir ki, uşaqlar əgər evə şəkərli məhsullar gətirilməzsə, körpəlikdən etibarən ilk illərdə emal olunmuş şəkərlə tanış olmaya bilərlər. Onun sözlərinə görə, həyatın ilk illərində şəkər istehlakı gələcəkdə tip 2 diabet, yüksək təzyiq və piylənmə riski ilə əlaqələndirilir.

İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsinin professoru isə əlavə edir ki, emal olunmuş qidaların tərkibində yalnız şəkər deyil, həm də boyalar və qatqı maddələri olur:“Bədənimiz bu kimyəvi maddələri tanımır və hər birinin ayrı-ayrılıqda zərərləri var". 

Mütəxəssislərin ortaq mövqeyi

Almaniyadakı Bayreuth Universitetindən Prof. Dr. Tina Bartelmeb vurğulayır ki, şəkər istehlakını mühitin təsadüfi şərtlərinə buraxmaq, uşaqları sağlam olmayan vərdişlərə daha həssas edir.

Onun sözlərinə görə, “hər şey sərbəstdir” yanaşması uşaqlarda yüksək şəkər qəbulu və düzgün olmayan qidalanma vərdişləri ilə nəticələnə bilər. 

Bununla yanaşı, Bartelmeb bildirir ki, şəkəri tamamilə qadağan etmək də düzgün deyil. Çünki bu, uşaqların şirin qidalara marağını daha da artıra bilər. Ən sağlam yanaşma isə balanslı qidalanma şəraiti yaratmaq və uşaqlara müəyyən qədər müstəqillik verməkdir. Bu, onların yeniyetməlik və yetkinlik dövrünə qədər davam edəcək özünütənzimləmə bacarığı formalaşdırmasına kömək edir.

Fərqli yaş dövrlərində yanaşma

Cənubi Karolina Universitetindən alim Tadeja Gracner qeyd edir ki, xüsusilə uşaqlar bağçaya və məktəbə başlamazdan əvvəl valideynlər onların əsas məsul qidalanma nəzarətçiləridir. Onun sözlərinə görə, həyatın ilk min günündə şəkər qəbulu ilə bağlı nəzarət, ümumilikdə, balanslı qidalanma vərdişlərinin formalaşması üçün həlledici əhəmiyyət daşıyır.

Gracner əlavə edir ki, bu dövrdə sağlam qidalanma vərdişləri uşaqların böyüdükcə davam etdirəcəyi uzunmüddətli seçimlərinə təsir göstərir.

Mənbə: BBC News Türkçe

Tərcümə: Ətirə İbayeva


Paylaş
Şərh əlavə et