Günə bir fincan isti çayla başlamaq Hindistanın bir çox bölgələrində gündəlik vərdişdir. Benqal bölgəsində isə ənənə qara çayla günə başlamaqdır. Amma qara çayın acqarına içilməsi metabolik sağlamlıq üçün hər zaman faydalı hesab olunmur.

Mütəxəssislərin fikrincə, qara çay güclü dadı, antioksidant tərkibi və enerji artırıcı xüsusiyyətləri ilə tanınsa da, boş mədədə qəbul edildikdə bəzi problemlərə yol aça bilər. Çayın tərkibindəkilər mədə turşusunun ifrazını artıra bilər. Bu isə həssas şəxslərdə turşuluq, ürək yanması və ürəkbulanma ilə müşayiət oluna bilər.
Turşuluq riskini azaltmaq üçün qara çayı yeməkdən sonra içmək, süd və ya bal əlavə edərək yaxud, çayla yanaşı tost və ya meyvə yemək tövsiyə olunur.
Tibb Kitabxanasının dərc etdiyi Klinik Qastroenterologiya Jurnalında aparılan bir araşdırma göstərib ki, taninlə zəngin içkilər mədə turşusu ifrazını artıra və reflü simptomlarını gücləndirə bilər. Tədqiqatçılar vurğulayıb ki, acqarına çay içən iştirakçılar yeməkdən sonra içənlərə nisbətən daha çox narahatlıq hiss ediblər.
Həkimlər bildirir ki, qara çayın təsiri fərddən-fərdə dəyişir. Bəzi insanlar acqarına çay içərkən heç bir narahatlıq hiss etməsə də, digərlərində turşuluq simptomları özünü göstərə bilər.
Nəticə olaraq, səhər qara çay içmək hər kəs üçün zərərli olmasa da, həssas mədəsi olan şəxslərdə turşuluğa səbəb ola bilər.
Mənbə: Times Entertainment
Tərcümə etdi: Asiya Zeynallı
