Bu gün:

Şokoladların alüminium folyoya bükülməsinin səbəbləri


Şokolad dünyanın ən çox sevilən şirniyyatlarından biridir. Lakin onu uzun müddət təzə saxlamaq, əriməsinin və dadını itirməsinin qarşısını almaq asan məsələ deyil. Məhz bu məqamda alüminium folyo ön plana çıxır. İllərdir şokolad qablaşdırmasında ən çox istifadə edilən material olan folyo təkcə estetik görünüş verməklə kifayətlənmir.

Alüminium folyo şokoladın dadını və keyfiyyətini qorumaq üçün ideal baryer hesab olunur. İncə quruluşuna baxmayaraq, işığın, nəmin və bakteriyaların məhsula təsir göstərməsinin qarşısını alır. Şokoladın nəmlə təması onun tez xarab olmasına səbəb ola biləcəyi üçün folyo bu riskin qarşısını alır.

Bundan əlavə, məhsul möhkəm büküldükdə, onu xarici qoxulardan da qoruyur. Yüngül olması sayəsində məhsulun ümumi çəkisini artırmır və satış qiymətinə təsir etmir. İstehlakçılar üçün də praktikdir: qalan parçaları yenidən folyoya bükərək saxlamaq mümkündür.

Şokolad növündən asılı olaraq 30–40 dərəcə arasında əriməyə başlayır və kiçik temperatur dəyişikliklərindən belə təsirlənə bilir. Bu zaman alüminium folyo mühüm rol oynayır. Yüksək əks etdiricilik qabiliyyətinə malik olduğu üçün xaricdən gələn istiliyin təxminən 90 faizini geri qaytarır.

Beləliklə, şokolad həm daşınma prosesində, həm də mağaza rəflərində qorunur. Kağız və ya plastik örtüklər bu cür istilik izolyasiyasını təmin edə bilmədiyindən, istehsalçılar üçün folyo hələ də ən etibarlı seçimdir.

Parlaq görünüş məhsulun təmiz, gigiyenik və keyfiyyətli olduğu təəssüratını gücləndirir. Eyni zamanda, müxtəlif rənglərdə istehsal oluna bilməsi brendlərə vizual müxtəliflik imkanı yaradır.

Şokolad qablaşdırılarkən folyonun asan qatlanması, küncləri möhkəm bürüməsi və açıldıqdan sonra yenidən istifadə edilə bilməsi istehlakçıya rahatlıq təmin edir. Beləliklə, həm cəlbedici dizayn, həm də funksionallıq bir arada təqdim olunur.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et