PLOS One jurnalında dərc olunan araşdırmaya görə, burundan dərin nəfəs alıb ağızdan vermək və bu zaman musiqiyə qulaq asmaq, beynin emosiyaları işləyən hissələrinə qan axınını artıraraq xoşbəxtlik və rahatlıq hissi yarada bilər.

Nəfəs məşqləri bədənin stress reaksiyası aktiv qaldığı halda belə neqativ emosiyaları azaldır və psixodelik maddələrin yaratdığına bənzər şüur halları formalaşdırır. Brighton və Sussex Tibb Məktəbinin Klinik Neyroelm şöbəsində çalışan Ami Amla Kartar və həmkarları yüksək ventilyasiya nəfəs texnikasını (sürətli və dərin nəfəs alıb-vermə) həm laboratoriya, həm də onlayn iştirakçılar üzərində sınayıblar. Tədqiqatda 42 nəfər iştirak edib və onlardan bəzilərinə MRT müayinəsi aparılıb. İştirakçılar 20–30 dəqiqəlik dövri nəfəs seansında fasiləsiz şəkildə burundan nəfəs alıb, ağızdan veriblər və eyni zamanda musiqi dinləyiblər. Sessiyadan sonra onlar sorğular cavablandırıblar. Nəticələr göstərir ki, nəfəs məşqləri ürək döyüntülərini yavaşladır, beynin ümumi qan dövranını azaldır, eyni zamanda isə sağ amiqdala və ön hipokampusa qan axınını artırır. Bu bölgələr emosional xatirələrin işlənməsi ilə bağlıdır və qan axınının artması “birlik hissi, sevinc və emosional boşalma” kimi hallarla üst-üstə düşüb. Nəfəs məşqləri qorxu və neqativ emosiyaları əhəmiyyətli dərəcədə azaldıb, heç bir mənfi təsir isə müşahidə olunmayıb.
Mənbə: İndependent
Tərcümə etdi: Asiya Zeynallı
