Bu gün:

Sağlam və gur saçlar üçün faydalı qidalar


Sağlam saçlar dedikdə ağlımıza adətən kosmetik məhsullar və müntəzəm müalicələr gəlir. Ancaq bu amillər təsirli olsa da, sağlam və gur saçların sirri əslində yediyimiz qidalardan asılıdır. 

Qidaların tərkibindəki vitaminlər, minerallar və zülallar qan vasitəsilə saç köklərinə çatır, saç quruluşunu qoruyur və gücləndirir. Odur ki, kifayət qədər vitamin, mineral və zülalla zəngin qidalar qəbul etməsəniz, bu amil saçlarınızın qurumasına, kövrək olmasına və ya daha da pisləşməsinə səbəb ola bilər.

Duz və şəkər kimi saçlara zərər verən qidalardan uzaq durmaqla saçlarınızı qalınlaşdıra bilərsiniz. Hətta saçlarınızın vaxtından qabaq ağarmasının qarşısını da ala bilərsiniz. 

Bütün sağlam qidalar saçımızda təsirli olsa da, tərkibindəki vitamin və minerallarla zəngin olan xüsusi əhəmiyyət kəsb edən bəzi qidalar var.

Naringi: Tərkibindəki C vitamini sayəsində saç tellərini qidalandıran, kapilyarları gücləndirən kollagenin istehsalına kömək edir. Bədəndə dəmirin sorulmasını artıraraq saçları da gücləndirir. Naringinin tərkibindəki B vitaminləri də saçların daha sürətli uzanmasını təmin edir, saç tökülməsini azaldır və ağarma prosesini ləngidir. Sağlam saçlar üçün hər gün 2-3 kiçik naringi yemək faydalıdır.

Somon balığı: Somon sağlam omeqa-3 yağ turşuları ilə zəngin bir balıqdır. Bədənimiz bu sağlam yağları tək başına istehsal edə bilmədiyi üçün onu qidalardan və ya qida əlavələrindən almalısınız. Omega 3 sayəsində saçlar daha parlaq və canlı görünür. Həftədə iki dəfə somon balığını yeyə bilərsiniz.

Qatıq: Qatığın tərkibində B5 vitamini adlanan pantotenik turşu var. Bu vitamin sayəsində saçların seyrəlməsi və saç tökülməsi problemlərinin qarşısını alır. Vitamin B5 də baş dərisində qan axınını sürətləndirərək saç dərisi üçün qoruyucu bir quruluşa malikdir. 

Kök: Kök beta karotin, yəni A vitamini ilə zəngin qidadır. Bədənin sebum ifraz etməsi, yaratması üçün A vitamini vacibdir. Sebum saçlarımız tərəfindən əmələ gələn yağlı bir maddədir və sağlam baş dərisi üçün təbii qulluq təmin edir. Sebum olmasa, kəpək və quru saçlar problem yarada bilər. Odur ki, qışda salatlarınızdan A vitamini ilə zəngin olan kökü əskik etməyin. 

Darçın: Bədəndə qan dövranını artıraraq, oksigen və qida maddələrinin saç köklərinə daşınmasına kömək edir. Bu təsiri ilə saç köklərini gücləndirir və onlara qulluq edir. Darçını çayınıza və ya meyvələrin üzərinə əlavə edərək qəbul edə bilərsiniz.

Yumurta: Bədəndə biotin çatışmazlığı saçların qırılmasına və baş dərisində kəpəyə səbəb olur. Yumurta yüksək miqdarda biotin ehtiva edir. Biotin suda həll olunan B vitaminidir. Yumurta həm də ən yaxşı protein mənbəyidir. Bu sayədə saçın zülal quruluşunu qidalandırır və sağlamlığını qoruyur. Hər gün 1 yumurta yemək saçınız üçün faydalı olacaqdır.

Yulaf: Yulaf dəmir, lif, sink, omeqa-3 yağ turşuları və çoxlu doymamış yağ turşuları ilə zəngin qidadır. Saçların uzanmasını sürətləndirir, onları qalın və sağlam edir. Yulafı südlə bişirdikdən sonra meyvə, qoz və darçın əlavə edib səhər yeməyində istifadə edə bilərsiniz.

Mərci: Tərkibində zülal, dəmir, sink və biotin olan mərcidə bol miqdarda fol turşusu da var. Fol turşusu dəri və baş dərisindəki qırmızı qan hüceyrələrinin quruluşunu qidalandırır. Baş dərisinin oksigenlə doymasını təmin edir. Bu xüsusiyyətləri sayəsində yeni saçların əmələ gəlməsi üçün zəmin yaradır və saçları gücləndirir. Mərcini həftədə 2-3 dəfə salatlarınızda və ya sulu yeməklərdə  yeyə bilərsiniz.

İspanaq: İspanağın tərkibində A vitamini, dəmir, beta karotin, fol turşusu və C vitamini var. Bu minerallar saç və baş dərisi üçün çox vacibdir. Saçları nəmləndirir və gücləndirir. Dəmir saç üçün xüsusilə vacib bir mineraldır. Bədəndə dəmir çatışmazlığı saç tökülməsinin əsas səbəbidir. İspanaq dəmirlə zəngin bir qidadır. Dəmirlə də zəngin olan qırmızı ətlə birləşdirildikdə onun faydalılığı artır. Məsələn, qiymə ilə ispanaq dəmirlə zəngin bir qidadır və saç tökülməsi yaşayanlar üçün doğru qida seçimidir. 

Fındıq: Fındıq E vitamini, selen və sinklə zəngin qidadır. Bu minerallar saç quruluşunu gücləndirir. Anakardiya yüksək biotin tərkibi ilə saçların sağlam uzanmasını təmin edir. Qoz da tərkibindəki elastin sayəsində saçların qırılmasının qarşısını alır. Xüsusilə, püstə kişilərdə keçəllik probleminin qarşısını alır. Hər gün 2 bütöv qoz və ya 10 anakardiya/püstə yeyə bilərsiniz.

Mənbə: NTV

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et