Bu gün:

“Ana südü uşağın immun sistemini və inkişafını gücləndirir"- Pediatr Aytəkin Əliyeva


Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aytəkin Əliyeva ana südünün körpələr üçün əvəzolunmaz qida olduğunu bildirib. Onun sözlərinə görə, ana südü yalnız qida mənbəyi deyil, eyni zamanda körpənin immun sisteminin güclənməsində, beyin inkişafında və emosional bağların formalaşmasında mühüm rol oynayır.

24media.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, pediatr ana südünün faydaları, tərkibindəki vitaminlər vaxtından əvvəl doğulan uşaqlarda südvermənin əhəmiyyəti və ana qidalanmasının rolu ilə bağlı bir sıra mühüm məqamlara toxunub.

Aytəkin Əliyeva qeyd edib ki, ana südü immun sistemini gücləndirən anticisimlərlə zəngindir, infeksiyalara qarşı qoruma təmin edir, beyin funksiyalarının və intellektual qabiliyyətlərin inkişafını dəstəkləyir. Onun sözlərinə görə, ana südü körpənin mədə-bağırsaq sistemini yükləmir, həmçinin ana ilə körpə arasında emosional bağ yaradır və uşağın psixoloji sabitliyinə müsbət təsir edir.

Mütəxəssis bildirir ki, südün tərkibində körpənin ehtiyaclarını qarşılayan A, C, E, K, D vitaminləri, B qrupu vitaminləri, minerallar və antioksidantlar yer alır. Xüsusilə A və C vitaminləri immun sistemin gücləndirilməsində mühüm rol oynayır. D və K vitaminlərinin isə miqdarı az olduğu üçün profilaktik şəkildə əlavə verilməsi vacibdir.

Ana südünün beyin inkişafına təsirindən danışan həkim bildirib ki, onun tərkibindəki DHA, taurin, xolin və digər maddələr neyronların formalaşmasına, yaddaş və öyrənmə funksiyalarının inkişafına dəstək olur. Laktoferrin və oliqosaxaridlər isə bağırsaq mikrobiotasının inkişafına və “bağırsaq–beyin” əlaqəsinin qurulmasına şərait yaradır.

Aytəkin Əliyeva vurğulayıb ki, ilk 6 ay yalnız ana südü ilə qidalanma tövsiyə olunur, daha sonra isə əlavə qidalarla yanaşı südvermənin 2 yaşa və daha uzun müddətə davam etdirilməsi uşağın həm fiziki, həm də psixoloji inkişafı üçün faydalıdır.

Vaxtından əvvəl doğulan körpələrin qidalanmasında ana südünün xüsusi əhəmiyyət daşıdığını deyən həkim, bu uşaqlarda ana südünün daha tez-tez və kiçik porsiyalarla verilməsini, südün birbaşa və ya alternativ üsullarla çatdırılmasını tövsiyə edib.

Ana südünün erkən kəsilməsinin körpənin psixologiyasına mənfi təsir göstərə biləcəyini vurğulayan pediatr bildirib ki, bu hal körpədə narahatlıq, ayrılıq qorxusu və daha çox ağlama kimi hallara səbəb ola bilər.

Sonda Aytəkin Əliyeva südvermə dövründə anaların sağlam və balanslı qidalanmasının vacibliyini qeyd edərək bildirib ki, ana nə qədər sağlam qidalansa, körpənin süd yolu ilə aldığı maddələr bir o qədər keyfiyyətli olar. O spirtli və qazlı içkilərdən uzaq durmağı, kifayət qədər maye qəbul etməyi və həkim məsləhəti ilə vitamin-mineral əlavələrindən istifadə etməyi tövsiyə edib.

Xavər Məmmədli

Paylaş
Şərh əlavə et