Bu gün:

Günəş yanığının müalicə üsulları


Yayda qaralmaq üçün günəşlənmək qısa müddətli dəri yanıqlarına səbəb olur. Uzun müddət günəşlənmək isə dəri xərçəngi və yaşlanma ilə nəticələnir.

Yayda kəskin şəkildə gələn ultrabənövşəyi (UV) şüaların təsirləri bəzi sağlamlıq problemləri yaradır. Uzun müddət şüa qəbulu dəridə allergiya, qalıcı ləkə, açıq dərili insanlarda birinci və hətta ikinci dərəcəli yanıqlar yarada bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, 30 dəqiqədən çox günəş altında qaldıqda günəşdən qoruyucu kremlərdən və eynəklərdən istifadə etmək vacibdir.

Günəş yanığının əlamətləri hansılardır

Günəş yanığının tipik əlaməti qızarmış dəridir. Dəri hərəkət zamanı ağrıyır. Daha sonra isə şişə və qaşına bilər. Şiddətli yanıqlar yarananda dəridə maye ilə dolu qabarıqlıq görə bilərik. Şiddətli ağrı və ya şişkinlik varsa, həkimə müraciət etmək lazımdır.

Günəş yanığlarının çarəsi nədir

Günəş yanığı vəziyyətində dərinin kifayət qədər soyudulması vacibdir. Dəriyə soyuq sürtmək ağrıları aradan qaldırır və iltihabın qarşısını alır. Ancaq buz kubları kimi həddindən artıq soyuq əşyalar müalicə üçün uyğun deyil. Soyuq suya batırılmış bir dəsmaldan istifadə etmək kifayətdir. Soyuq kompres tətbiqi ən azı yarım saat və mümkünsə yanıq nahiyəsində ağrılar yox olana qədər davam etdirilməlidir. Bundan əlavə, bol maye qəbulu vacibdir. Günəş yanığı səbəbindən dəridən çox miqdarda maye itirilir.

Yanığlara qatıq vurmaq olmaz

Yanığa qarşı xalq üsulu istifadə edilən yanmış dəriyə soyuq qatıq sürtmək doğru deyil. Qatıq soyuq olduğu üçün ağrıları yüngülləşdirir. Lakin yanıq nəticəsində yaranan iltihaba sağaldıcı təsir göstərmir. 

Süd məhsullarının tərkibindəki bakteriyalar infeksiyaya səbəb ola bildiyi üçün qatıq və pendir kimi qidaları dəriyə sürtməkdən çəkinmək lazımdır. Dəriyə diş məcunu sürtmək faydadan çox zərər verəcək. Buna görə də bu üsuldan istifadə etmək olmaz.

Günəş kremi seçən zaman bəzi məsləhətlərə əmək etmək faydalıdır

• Həm UVA, həm də UVB dalğalarına qarşı geniş təsirə malik qoruyucu kremlərin olması çox vacibdir. Yalnız UVB-ni bloklayan qoruyucu kremlər dəridə günəş yanıqlarının qarşısını aldıqları üçün günəşə uzun müddət məruz qalmağa imkan verəcək və zərərli UVA şüalarından qorumadıqları üçün xeyirdən çox zərər verəcəklər

• Qoruma faktoru ən azı 30 (SPF 30) olan məhsul seçilməlidir

• Yağlı dəriyə sahib olanlar gel və ya yağsız və su əsaslı məhsulları, quru dərisi olanlar isə krem əsaslı məhsulları seçə bilər. Bədənin qorunmasında sprey məhsulların istifadəsi daha praktik ola bilər

• Qoruyucu krem günəşə çıxmadan 15-30 dəqiqə əvvəl çəkilməlidir

• Məhsulun qutunun üzərində yazılan faktor qədər qoruya bilməsi üçün qalın təbəqə olaraq tətbiq olunmalıdır. Bu doza 2 mq/sm² olmalıdır. Tədqiqatlar adətən bu məbləğin dörddə birinə qədər bir dozanın istifadə edildiyini göstərir. Üz, boyun, qulaq, qol və ayaqları qorumaq üçün tələb olunan qoruyucu kremin miqdarı 2 yemək qaşığı olmalıdır

• Krem hər iki saatdan bir yenidən tətbiq edilməlidir

• Günəş kremi üzgüçülükdən və quruduqdan sonra yenidən çəkilməlidir.

• Ən əsası günəşdən qoruyucu kremlər bizə lazımsız güvən verməməli və günəşdə qalma müddətimizi artırmamalıdır.

Günəş "D" vitamini depolayır

Vücudumuzun kifayət qədər D vitamini qəbul etməsi üçün günorta saatlarında bəzi qol və ya ayaq nahiyələrimizi 15-20 dəqiqə günəşləndirə bilərik.

Mənbə : NTV

Tərcümə etdi : Samirə İsmayılova

Paylaş