Bu gün:

“Heyvanlar aləmi təbii mühitin və müxtəlifliyin əsas komponentlərindən biridir”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı Vəkil Emin Quliyevdir. Emin Quliyev heyvanlarla bağlı Azərbaycan qanunvericiliyində olan maddələrdən danışıb. 

- Azərbaycanda qanunvericilikdə heyvanlarla bağlı hansı maddələr var?

 Müasir dövrümüzdə beynəlxalq hüquq sferasında heyvan hüquqları daha geniş inkişaf edir. Hətta bəzi inkişaf etmiş ölkələrdə heyvan hüquqları öz kateqoriyalarına görə insan hüquqlarına bərabər səviyyəyə çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü maddəsi heyvanların hüquqi statusunu müəyyən edir. Belə ki, heyvanlar əşya hesab olunmasalar da, əşyaların hüquqi vəziyyəti onlara da şamil olunur. Yəni heyvanlar mülki hüquq münasibətlərinin subyekti ola bilməzlər, amma predmeti ola bilərlər. Beynəlxalq təcrübədə heyvanların hüquqları nisbətən genişdir. Məsələn, 1978-ci il oktyabrın 15-də Parisdə UNESKO-nun binasında “Beynəlxalq Heyvan Haqları Bəyannaməsi” qəbul olunub. On bənddən ibarət bu sənəd Dünya İnsan Haqları Bəyannaməsinin əsasında hazırlanıb və heyvanların da müdafiə olunmaq, yaşamaq hüquqlarının olmasını özündə əks etdirir. Orada heyvanların yaşamaq, bərabərlik hüququ, çoxalmaq, işgəncəyə məruz qalmamaq, sağlam ətraf mühitdə yaşamaq hüququ, ləyaqətinin qorunması hüququ və s. kimi vacib hüquqları vardır. Bizim qanunvericilikdə heyvanlar, əsasən, ekoloji tarazlığın qorunması və təbiətin tərkib hissəsi kimi mühafizə olunmasını özündə əks etdirir. Qanunvericilikdə heyvanların hüquqlarının deyil, fiziki olaraq özünün qorunmasına yönələn bir neçə sanksiya normaları vardır. Məsələn,  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 230, 273, 274, 283, 289, 290, 323-cü maddələrində heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsi, heyvanlar aləmi obyektlərindən istifadə qaydalarınınn pozulması, heyvanlarla rəhmsiz rəftar edilməsi və s. hüquqlarının milli qanunvericilik səviyyəsində müəyyən edilmişdir. Bundan başqa,həmin maddələrin dispozisiyasında heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsi, heyvanlar aləmi obyektlərindən istifadə qaydalarınınn pozulması, heyvanlarla rəhmsiz rəftar edilməsi və s. kimi normalar heyvan aləmindən istifadə ilə bağlı qanunvericiliyin pozulduğu təqdirdə sanksiyalar nəzərdə tutur. Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının qanunun preampulasında qeyd edilir ki, heyvanlar aləmi təbii mühitin və müxtəlifliyin əsas komponentlərindən biri, ölkənin milli sərvəti, əhalinin mənəvi və estetik tələbat mənbəyi olaraq elmi-tədqiqat obyekti, xammal və yeyinti məhsulları kimi istifadə edilir və qorunur. Yəni bu qanun Azərbaycan Respublikasında heyvanlar aləminin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edir. Heyvanlar yerli qanunvericiliyə əsasən hüququn sübyekti olaraq hər hansı hüquq və azadlıqları yoxdur. Lakin təbiətin ekoloji tarazlığın qorunması sahəsində heyvanlar aləmi obyektləri daim dövlətin mühafizəsi və nəzarətindədir.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et