Bu gün:

Hipertoniya və onun fəsadları


24media.az xəbər verir ki, Səhiyyə Nazirliyindən əldə olunan məlumata görə, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kardioloqu Tünzalə Seyidəliyeva arterial hipertoniya və onun fəsadları ilə bağlı əhalini maarifləndirib.

Mütəxəssisin sözlərinə görə, arterial hipertoniya – qan damarlarının divarlarına göstərilən təzyiqin normadan artıq olması ilə xarakterizə olunur. Normal göstərici 120/80 mm civə sütunu hesab edilir. Əgər təzyiq 130/80 mm Hg və ya daha yüksəkdirsə, bu, artıq hipertoniya sayılır. Müalicə olunmadığı halda, infarkt, insult və böyrək xəstəlikləri kimi ağır nəticələrə səbəb ola bilər.

Tünzalə Seyidəliyeva bildirib ki, hipertoniya üç mərhələdə təsnif olunur və əsasən yaşlı insanlarda müşahidə edilir. Xüsusilə 60 yaşdan yuxarı şəxslər risk qrupuna daxildir. Lakin 30 yaşdan aşağı şəxslərdə də, xüsusilə ailəsində hipertoniya olanlarda bu hal qeydə alına bilər.

Nazirliyin məlumatına görə, hipertoniya birincili və ikincili olmaqla iki formaya ayrılır. Birincili hipertoniya daha geniş yayılıb və əsasən genetik meyl, qeyri-sağlam həyat tərzi ilə əlaqələndirilir. İkincili hipertoniya isə böyrək və hormonal problemlər, yuxu apnesi və bəzi dərmanların istifadəsi ilə bağlı yaranır.

Kardioloq qeyd edib ki, təzyiqin ev şəraitində ölçülməsi vacibdir. Bu məqsədlə avtomatik, qolda ölçən cihazlardan istifadə tövsiyə olunur. Ölçmədən əvvəl 5 dəqiqə sakit oturmaq, siqaret və ya qəhvə qəbul etməmək və hər iki qoldan ölçmək tövsiyə edilir.

Diaqnostika zamanı yalnız bir dəfə ölçmə ilə qərar verilmədiyini bildirən mütəxəssis əlavə edib ki, üç fərqli gündə ölçmələr aparılmalı, ehtiyac olduqda isə 24 saatlıq Holter monitorinq və digər laborator müayinələr də həyata keçirilməlidir.

Tünzalə Seyidəliyeva və Səhiyyə Nazirliyi vətəndaşlara çağırış edərək, sağlam həyat tərzinin qorunmasının hipertoniya riskini əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıblar.

Xavər Məmmədli

Paylaş
Şərh əlavə et