Bu gün:

Vagus siniri nədir?


Son illərdə həm həkimlər, həm də alternativ sağlamlıqla maraqlananlar arasında “vagus siniri” tez-tez gündəmə gəlir. Mütəxəssislər deyirlər ki, bu sinir bədənimizdə bir çox orqan və sistemin işinə birbaşa təsir edir və sağlam qalmaq üçün vacib rol oynayır.

Beyindən bədənə uzanan əsas sinirlərdən biri

“Vagus” latınca “sərgərdan” deməkdir. Bu sinir adını hərəkət etdiyi uzun və dolaşıq yoldan alır. O, beyindən başlayaraq boyun və sinə boşluğundan keçir, qarın boşluğuna qədər uzanır. Yolboyu ürək, ağciyər, mədə, bağırsaq və başqa orqanlara sinir siqnalları ötürür.

Vagus siniri bədənin avtonom sinir sisteminin bir hissəsi olan parasempatik sistemi təmsil edir. Bu sistem bədəni sakitləşdirən funksiyalara cavabdehdir. Vagus siniri ürək döyüntüsünü azaldır, həzmi yaxşılaşdırır, immuniteti gücləndirir və əhval-ruhiyyəyə də təsir edə bilər.

Vagus siniri bir çox xəstəlikdə faydalı ola bilər

Araşdırmalara görə, vagus sinirini stimullaşdırmaq, yəni onu aktivləşdirmək – depressiya, narahatlıq, epilepsiya və bəzən iltihablı xəstəliklərin müalicəsində faydalı ola bilər. ABŞ və Avropadakı bəzi xəstəxanalarda bu məqsədlə xüsusi cihazlardan istifadə olunur.

Nevroloq Dr. Aylin Karaca deyir: “Vagus sinirinin normal işləməsi həm bədən, həm də zehin sağlamlığı üçün çox vacibdir. Son tədqiqatlar göstərir ki, bu sinirin stimullaşdırılması xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır". 

Vagus sinirini təbii yollarla necə gücləndirmək olar?

Həkimlər bildirirlər ki, vagus sinirini stimullaşdırmaq üçün sadə və təbii üsullar da mövcuddur. Məsələn, soyuq duş qəbul etmək, dərin nəfəs alma məşqləri, meditasiya, mahnı oxumaq və ya qarqara etmək bu sinirin fəaliyyətini artırmağa kömək edə bilər.

Tibb mütəxəssisləri qeyd edir ki, bu sahədə araşdırmalar hələ davam edir və yeni məlumatlar gəlməkdədir.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Dilbər Paşazadə 

Paylaş
Şərh əlavə et