Bu gün:

Həyat tərzində edilən bu dəyişikliklər xroniki xəstəlik riskini azaldır


Yeni bir araşdırmaya görə, bədənin ümumi sağlamlığına təsir edən yeddi əsas amil həyat keyfiyyətini ciddi şəkildə yaxşılaşdıra bilər.

Amerika Ürək Assosiasiyası tərəfindən müəyyən edilən “Sadə Yeddilik” prinsipləri ideal ürək-damar sağlamlığına nail olmaq və onu qorumaq üçün təlimat verir. Bu prinsiplərə aşağıdakılar daxildir: siqaretdən uzaq durmaq, sağlam qidalanmaq, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, sağlam çəki saxlamaq, qan təzyiqini nəzarətdə saxlamaq, qan şəkərini və xolesterini idarə etmək.

Araşdırmanın aparıcı müəllifi Emori Universitetinin Nell Hodgson Woodruff Tibb Bacılığı Məktəbinin və Qlobal Diabet Araşdırmaları Mərkəzinin elmi işçisi Dr. Liliana Aguayonun sözlərinə görə:

“Bundan bir neçə il əvvəl öyrəndik ki, ürək sağlamlığı ilə beyin sağlamlığı bir-biri ilə çox yaxından əlaqəlidir. Bu icmal vasitəsilə isə aydın oldu ki, demək olar bütün orqan sistemləri və bədən funksiyaları ‘Sadə Yeddilik’ həyat tərzi prinsiplərinə əməl edilməsindən faydalanır”.

Dr. Aguayo əlavə edib ki, bu prinsiplərin ideal səviyyədə tətbiqi təkcə ürək-damar deyil, bütövlükdə orqanizmin sağlamlığına müsbət təsir edir:

“Bu o deməkdir ki, kiçik dəyişikliklər belə, məsələn piylənmədən artıq çəkiyə keçmək, az da olsa fiziki aktivlik göstərmək ciddi irəliləyiş kimi dəyərləndirilir”.

Məlumatlara görə, bu prinsiplərə əməl edilməsi yaşlandıqca beyin və ağciyər funksiyalarının, görmə və eşitmə qabiliyyətinin, həmçinin diş və əzələ sağlamlığının qorunması ilə əlaqələndirilir.

Yenilənmiş qaydalar daha geniş spektri əhatə edir. Məsələn, siqaretdən uzaq durmaq faktoru artıq passiv siqaret çəkməyi, elektron siqaret və nikotin tərkibli məhsullardan da uzaq qalmağı ehtiva edir. Sağlam qidalanma meyarı çərçivəsində isə Aralıq dənizi və DASH pəhrizləri tövsiyə olunur. (DASH – Qan Təzyiqinin Qarşısının Alınmasına Yönəlik Qidalanma Yanaşmaları.)

Tədqiqatçılar bildirirlər ki, yenilənən meyarlara yuxunun sağlamlıqda oynadığı rol da əlavə edilib. AHA-nın məlumatına əsasən, keyfiyyətli yuxu böyüklər üçün gecəlik 7–9 saat, 5 yaşa qədər uşaqlar üçün 10–16 saat, 6–12 yaş arası üçün 9–12 saat, 13–18 yaş arası yeniyetmələr üçün isə 8–10 saat arasında olmalıdır.

Dr. Aguayo vurğulayıb:

“Bu araşdırma bir daha sübut etdi ki, sağlam həyat tərzi həm ümumi sağlamlığa nail olmaq, həm də ürək-damar xəstəlikləri risk faktorlarını: çəki, təzyiq, şəkər və xolesterini – idarə etmək üçün vacibdir”.

“Əsas mesaj budur ki, dəyişiklik üçün nə çox erkəndir, nə də gec. Pəhrizdə, fiziki fəallıqda, siqaretdən uzaq durmaqda və ya əsas risk faktorlarını idarə etməkdə edilən kiçik və real dəyişikliklər yalnız ürəyə deyil, bütün bədənə fayda verir”.

Sağlam ürək üçün qidalanmada tədqiqatçılar meyvə, tərəvəz, paxlalılar və tam taxıllar kimi bitki mənşəli məhsullara üstünlük verilməsini, protein mənbəyi kimi isə balıq kimi yağsız ətlərin seçilməsini tövsiyə edirlər. Emal olunan məhsulların, natriumun və şəkərli içkilərin qəbulunun isə azaldılması tövsiyə olunur.

Böyüklərin həftə ərzində ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivliklə (məsələn, gəzmək, rəqs etmək, bağçılıq) və ya 75 dəqiqə intensiv fiziki hərəkətlərlə məşğul olması tövsiyə olunur.

Lakin bütün bu dəyişikliklərin müsbət təsirlərinə baxmayaraq, dünyada ideal ürək-damar sağlamlığına malik olan insanların sayı 4 faizdən azdır.

Dr. Aguayo sonda vurğulayıb:

“Xüsusilə gənclərin və qadınların ürək sağlamlığını yaxşılaşdırmaq üçün daha çox dəstəyə ehtiyac var. Bu sahədə dəstəyin artırılması həm sərfəlidir, həm də etik baxımdan vacibdir. Çünki ürək-damar xəstəlikləri hələ də qadınlar arasında bir nömrəli ölüm səbəbi olaraq qalır”.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et