
Böyük bir araşdırmada alimlər qan və beyin-omurilik mayesindəki zülalları (proteinləri) öyrəniblər. Bu tədqiqat 18,645 nəfərdən nümunələr toplayıb. Məqsəd – Alzheimer, Parkinson, ALS və frontotemporal demensiya kimi beyin xəstəliklərini daha erkən və dəqiq qan testi ilə aşkar etməkdir.
Zülallar bədənin işləməsi üçün çox vacibdir. Əgər zülallar düzgün işləməzsə, xəstəliklər yaranır. Tədqiqat göstərib ki, müxtəlif beyin xəstəliklərinin fərqli zülal nümunələri olur (biokimyəvi izlər). Bu isə həkimlərin xəstəlikləri tez tapmasına və dəqiq növünü müəyyən etməsinə kömək edə bilər.
Ən önəmli tapıntılardan biri APOE4 geni ilə bağlı olub. Bu gen Alzheimer riskini artırır. Bu geni daşıyan insanlarda, hətta Alzheimer olmasa belə, xüsusi bir zülal izləri müşahidə edilib. Bu zülallar iltihab və infeksiyalarla əlaqəlidir. Bu isə göstərir ki, immun sistemi beyin xəstəliklərinin yaranmasında rol oynaya bilər.
Alimlər laboratoriyada mini beyinlər (beyin orqanoidləri) də yetişdirdilər. APOE4 geni olan beyinlərdə iltihab Alzheimer-ə xas olan zülallardan əvvəl ortaya çıxıb. Əgər bu nəticə doğru çıxarsa, gələcəkdə iltihabın qarşısını almaq üçün dərmanlar inkişaf etdirilə bilər.
Araşdırmanın başqa bir hissəsində isə müxtəlif beyin xəstəliklərinin bədənin yaşlanma formasına fərqli təsir etdiyi aşkarlanıb. Məsələn, Parkinson xəstəliyində beyin yaşlanması çox müşahidə olunmur, amma Alzheimer-də olur. Bu da xəstəliklərin fərqləndirilməsinə kömək edə bilər.
Bu iş Qlobal Neyrodegenerasiya Proteomik Konsorsiumu (GNPC) tərəfindən həyata keçirilir. Bu layihə 2023-cü ildə başlayıb və dünyanın bir çox alimləri bu işə qoşulub. Onlar çoxlu sayda insan nümunələri ilə işləyirlər ki, nəticələr dəqiq və etibarlı olsun.
Mənbə: Science news
Tərcümə etdi: Fatimə Cabbarlı
