
Alimlər müəyyən ediblər ki, orqanlarımızın öz bioloji doğum günləri var. Hər bir orqan – ürək, beyin, ağciyər və s. – öz sürətində qocalır və bu fərqlər insanın sağlamlıq vəziyyətini və uzunömürlülüyünü ciddi şəkildə təsir edir.
2024-cü ilin iyul ayında “Nature Medicine” jurnalında dərc olunan genişmiqyaslı bir araşdırma göstərb ki, qanımızdakı minlərlə proteinə baxaraq orqanlarımızın bioloji yaşını ölçmək mümkündür. Bu da gələcəkdə xəstəlik risklərini əvvəlcədən müəyyən etmək və qarşısını almaq üçün yeni yollar açır. Araşdırma necə aparılıb?
Araşdırma 45 min nəfərlik məlumat bazasına əsaslanır. Alimlər UK Biobank adlı böyük bir layihənin iştirakçılarının qan nümunələrini təhlil ediblər.
Bu qan nümunələrində 11 fərqli orqana aid olan proteinləri araşdıraraq, məsələn, “orta yaşlı bir qaraciyər”in və ya “yaşlı bir ürək”in protein imzasını müəyyən ediblər.
Daha sonra hər bir insanın orqanlarının bioloji yaşı ilə real yaşı arasındakı fərq hesablanıb. Bu fərqə “orqan yaş boşluğu” (organ age gap) deyilir.Orqan yaşlı olduqda nə baş verir?
Nəticələr göstərib ki, orqanı real yaşından xeyli daha “yaşlı” olan şəxslərdə həmin orqanla əlaqəli xəstəlik riski əhəmiyyətli dərəcədə artır:
Yaşlı ürək → atrial fibrilasiya və ürək çatışmazlığı ehtimalı yüksəkdir
Yaşlı ağciyər → xroniki tənəffüs xəstəlikləri riski var.
Yaşlı beyin → Altsheymer xəstəliyi ehtimalı 3 dəfə çoxdur.
Əksinə, beyni və immun sistemi çox gənc olan şəxslərdə isə ölüm riski daha azdır
Beyin və immun sistemi: Uzun ömrün sirri
Tədqiqat göstərib ki, bütün orqanlar içində yalnız beyin və immun sistemi insanın uzun yaşayıb-yaşamayacağını ciddi şəkildə müəyyən edir:
✓Yaşlı beyin → 15 il ərzində ölüm riski 2 dəfə artır
✓Gənc beyin → ölüm riski 40% azalır.
✓Gənc beyin + gənc immun sistemi → ölüm riski 56% azalır.
Bu fərqlərin əsas səbəblərindən biri kimi xroniki iltihab göstərilir. Gənc orqanlara malik insanlar bu iltihabı daha yaxşı idarə edir.Yaxşı xəbər: Orqan yaşını dəyişmək olar!
Orqan yaşları sabit deyil – yəni həyat tərzi ilə dəyişə bilər. Tədqiqatın nəticələrinə görə:
✓Siqaret çəkmək, alkoqol, işlənmiş ətlər → orqanları daha tez qocaldır
✓ İdman, sağlam qidalanma, xüsusilə yağlı balıq (omega-3) → orqanları gənc saxlayır
Bunlar göstərir ki, qocalmanı ləngitmək təkcə genetika ilə deyil, həyat tərzi ilə də mümkündür. Hamilton Oh (araşdırmanın müəlliflərindən biri) bildirir ki, gələcəkdə bu üsullarla orqanlara xüsusi uyğunlaşmış həyat tərzi tövsiyələri vermək mümkün ola bilər.Amma bir məsələ var...
Tənqidçilər qeyd edirlər ki, bu araşdırmanın məlumat bazası əsasən Avropa mənşəli şəxslərdən ibarət olub. Bu isə o deməkdir ki, fərqli irqlər, iqlimlər və sosial şəraitlərdə nəticələr eyni olmaya bilər. Yəni universal nəticələr çıxarmaq hələ tezdir.
Mənbə: Science news
Tərcümə etdi: Fatimə Cabbarlı
