Alfa-qal sindromu məməli ətindəki “alfa-qal” adlı şəkər molekuluna qarşı yaranan nadir allergiyadır. IgE antikorları vasitəsilə baş verir və əsasən gənə dişləməsindən sonra inkişaf edir. Simptomlar qidanın qəbulundan bir neçə saat sonra ortaya çıxır.

Gənə dişləməsi sizə necə təsir edir?
Bəzi gənə növləri, məsələn ABŞ-də Lone Star, Avstraliyada iflic gənəsi, Avropada isə Ixodes ricinus qan vasitəsilə alfa-qal molekulunu insana ötürə bilər. Gənə dişləməsi zamanı bu maddə orqanizmə daxil olaraq immun sistemi aktivləşdirir və IgE antikorlarının istehsalını başladır. Daha sonra məməli əti qəbul edildikdə orqanizm bu maddəyə qarşı allergik reaksiya verir.
Simptomlar:
Digər qida allergiyalarından fərqli olaraq, alfa-qal sindromunda simptomlar, ümumiyyətlə, yeməkdən 3-8 saat sonra başlayır (bəzi mənbələrdə 2-10 saat).
Simptomlara aşağıdakılar daxil ola bilər:
• Dəridə ürtiker, qaşınma və qızartı
• Dodaq, dil və boğaz ətrafında ödem
• Ürəkbulanma, qusma, qarın ağrısı, ishal
• Hırıltı, nəfəs darlığı, başgicəllənmə
• Anafilaksi kimi ciddi, həyat üçün təhlükə yaradan reaksiyalar
Bəzi insanlar yalnız mədə-bağırsaq simptomları ilə qarşılaşa bilər və bu halların təxminən 60 faizi anafilaksiyaya səbəb olacaq qədər ağırdır.
Diaqnoz və müalicə yanaşması
Diaqnoz simptomlar və alfa-qal-spesifik IgE antikorlarını ölçən qan testi ilə qoyulur. Müalicəsi yoxdur. Əsas tədbir məməli ətindən uzaq durmaqdır. Şiddətli reaksiyalar epinefrin və təcili yardım tələb edə bilər.
Gənə dişləməsi təkrarlanmadıqda IgE səviyyəsi zamanla azalır və bəzi insanlar illər sonra ətə qarşı dözümlülük qazana bilirlər.
Riskli təbəqə kimlərdir?
• Gənələrin çox olduğu ərazilərdə yaşayan və ya bu cür ərazilərdə uzun müddət yaşayanlar (məsələn, kənd yerləri, meşəlik ərazilər)
• Tez-tez gənə dişləməsi keçirənlər
• Bəzi qan qruplarının (məsələn, B və ya AB olmayanlar) daha güclü immun reaksiyası ola bilər
Qarşısının alınması üsulları
• Uzunqol, şalvar geyinmək və gənələrdən qorunmaq üçün permetrin spreyindən istifadə etmək
• Meşələr və uzun çəmənliklər kimi yerlərdə dərinizi mütəmadi olaraq yoxlayın
• Çöldən gəldikdən sonra duş qəbul etmək və paltarları yüksək temperaturda qurutmaq.
Alfa-qal sindromu gənə dişləməsi ilə yaranan və qırmızı ətə qarşı gecikmiş allergik reaksiyaya səbəb olan nadir vəziyyətdir. Simptomlar yeməkdən bir neçə saat sonra ortaya çıxdığı üçün diaqnozu çətin ola bilər.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
