Yay aylarında suda boğulma halları artır və hər il onlarla insan həyatını itirir. Bu mövzu ilə bağlı Dövlət Xəstəxanasının Baş həkimi, operativ cərrah Dr. Şaban Uysal xəbərdarlıq edib.
Uysal bildirib ki, boğulma hallarının əksəriyyəti qəfil və gözlənilməz qəzalar nəticəsində baş verir. Ən çox ölüm halları 1-4 və 15-19 yaş aralığında qeydə alınır. Səbəblər arasında suyun dərinliyi və quruluşunun bilinməməsi, cərəyan, palçıqlı zəmin, qəfil kramp, huşunu itirmə, epilepsiya, ürək xəstəlikləri və su idmanı zamanı baş verən qəzalar göstərilir.
Dr. Uysal boğulmanı iki əsas növə ayırır: quru boğulma və su udaraq boğulma. Onun sözlərinə görə, quru boğulma halları ümumi boğulmaların 20 faizini təşkil edir və az miqdarda su udulsa belə boğazda spazm yaranaraq nəfəs yolları bağlana bilər. Digər 80 faiz isə suyun udulması nəticəsində yaranır. Xüsusilə şirin suda baş verən boğulmalarda su qan damarları tərəfindən tez sorulur və bu, həyati təhlükə yaradır. Duzlu suda boğulmadan xilas olan şəxslər isə 48 saat müşahidə altında saxlanmalıdır.
Mənbə: CNN
Tərcümə etdi: Asiman Vəliyeva
