Bu gün:

Anizometropiya nədir və necə yaranır?


Anizometropiya iki göz arasında görmə gücünün fərqli olmasıdır. Normalda bu fərq az olduqda beyin onu kompensasiya edir və hiss olunmur. Amma fərq böyük olduqda bir gözdə görüntü kiçik, digərində isə böyük görünür və nəticədə ümumi görmə bulanıqlaşır. 

Uzun müddət davam edərsə, zəif olan gözdə ambliopiya, yəni tənbəl göz inkişaf edə bilər. Anizometropiya bəzən doğuşdan olur, lakin çox vaxt uşaqlar böyüdükcə üzə çıxır. Təxminən 6–18 yaş arası uşaqların 6%-də bu vəziyyət müşahidə olunur.

Anizometropiyanın üç növü var: sadə, mürəkkəb və qarışıq. Sadə anizometropiyada bir göz normal, digərində refraksiya problemi olur. Mürəkkəb anizometropiyada hər iki göz miopdur, lakin fərqli dərəcələrdə. Qarışıq anizometropiyada isə bir göz miop, digəri hipermetropdur.

Əlamətlərinə tənbəl göz, gözlərin eyni nöqtəyə fokuslana bilməməsi (şaşkınlıq), ikiqat görmə, baş ağrısı, göz yorğunluğu, işığa həssaslıq və başgicəllənmə daxildir. Normal insanlarda belə gözlər arasında 5%-ə qədər fərq ola bilər. Ancaq 20%-ə yaxın fərq olduqda anizometropiya baş verir. Səbəblər arasında doğuşdan olan göz quruluşu fərqləri və göz ölçülərinin fərqli olması yer alır.

Anizometropiya erkən müalicə olunmalıdır. Əks halda beyin yalnız güclü gözdən istifadə edir və zəif göz funksiyasını itirir. Müalicə fərqli gücdə eynək və kontakt linzalar, həmçinin lazer və ya refraksiya cərrahiyyəsi ola bilər. Çox yüksək fərq olduqda eynəklər uyğun olmaya bilər, çünki onlar görüntü ölçüsünü fərqli göstərir və bu, normal görməyə mane olur. Belə hallarda kontakt linzalar və ya cərrahi müdaxilə daha uyğundur.


Mənbə: Vision Eye İnstitute


Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et