Bu gün:

Yayda daxili yorğunluq: Gənclər niyə yorğun hiss edirlər?


Yay fəsli əksəriyyət üçün dincəlmək, enerji toplamaq və ilin stressindən uzaqlaşmaq üçün fürsət kimi görünür. Ancaq bəzi gənclər bu dövrdə əksinə, boşluq hissi, psixoloji yorğunluq və motivasiya çatışmazlığı ilə üzləşirlər. Sosial şəbəkələrdə yayılan "mükəmməl yay həyatı" görüntüləri isə bu hissi daha da dərinləşdirə bilir.

Psixoloji faktorlar bu vəziyyətin əsas səbəblərindən biridir. Uzun dərs ilindən və ya iş rejimindən sonra qəfil boş vaxtla qarşılaşmaq bir çox gəncdə daxili narahatlıq yaradır. Gözləntilərlə reallıq arasında fərq formalaşır: Yayın "əyləncəli keçməli" olması fikri, reallıqda bunu təmin edə bilməyən gənclərdə məyusluğa səbəb olur.

Sosial şəbəkələr də bu hissi gücləndirən əsas amillərdəndir. Gənclər tez-tez özlərini digərlərinin “rəngli yay həyatı” ilə müqayisə edərək öz həyatlarının darıxdırıcı olduğunu düşünürlər. Bu isə FOMO – "Fear of Missing Out", yəni geridə qalmaq qorxusu ilə müşahidə olunur.

Mütəxəssislər bu vəziyyəti “yay melanxoliyası” və ya “sezonal emosional eniş” kimi izah edirlər. Və yay aylarında ruhsal gümrahlıq üçün aşağıdakı tövsiyələri verirlər:

• Gün ərzində az da olsa, fiziki aktivlik (səhər gəzintisi və ya idman);

• Məqsədli məşğuliyyət: yeni bir hobbi, dil öyrənmək və ya könüllü fəaliyyət;

• Sosial mediaya qısa fasilələr vermək;

• Düzgün yuxu rejimi yaratmaq və kifayət qədər istirahət etmək. 

Yay fəsli, əslində, təkcə dincəlmək deyil, həm də özünü dinləmək və gücləndirmək üçün fürsət ola bilər. Bunun üçün isə nə istədiyini anlamaq və real plan qurmaq yetərlidir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et