Bu gün:

Kitab oxumaq stressi azaldır?


Kitab oxumağın insana verdiyi faydalar artıq məlum bir həqiqətdir. Onlar sayəsində xəyal gücümüz genişlənir, fərqli dünyaları tanıyır və bilik ehtiyatımızı artırırıq.

Dünyanın aparıcı universitetləri tərəfindən müxtəlif vaxtlarda aparılan tədqiqatlar kitab oxumağın insan orqanizmində yaratdığı pozitiv dəyişiklikləri konkret şəkildə ortaya qoyur.

Stressi azaldır

Sussex Universitetində çalışan alimlər, insanların ürək döyüntüsünü və əzələ gərginliyini ölçərək kitab oxumağın stressi necə azaltdığını müəyyən ediblər. Araşdırmanın nəticələrinə görə, cəmi altı dəqiqə ərzində kitab və ya qəzet oxumaq stress səviyyəsini 68% azaltmağa kömək edir. Əldə olunan nəticələr göstərir ki, kitab oxumaq stressin azaldılması baxımından gəzintiyə çıxmaqdan, qəhvə içməkdən və musiqi dinləməkdən daha güclü təsirə malikdir.

Ömrü uzadır

Yale Universitetindən bir qrup alim 10 ildən artıq müddət ərzində yaşı 50-ni keçmiş 3600-dən çox yetkin insanı müşahidə edib. Araşdırma nəticəsində gündə ən azı 30 dəqiqə kitab oxuduğunu bildirən şəxslərin, jurnal və ya qəzet oxuyanlarla müqayisədə orta hesabla iki il daha uzun yaşadığı məlum olub. Həmçinin, həftədə 3,5 saatdan çox kitab oxuyan insanların ölüm ehtimalının 23% daha az olduğu, 3,5 saatdan az oxuyanların isə bu riski 17% azaltdığı müşahidə edilib.

Empatiya qabiliyyəti qazandırır

2013-cü il tarixli Harvard Universitetində aparılan bir araşdırmada bir qrup könüllü insana bədii ədəbiyyat, populyar ədəbiyyat və sənədli əsərlər oxudulub. Bəzi iştirakçılara isə heç nə oxudulmayıb. Təcrübənin nəticələrinə görə, bədii ədəbiyyat oxuyan şəxslər obrazların necə davranacağını əvvəlcədən təxmin etməkdə və üz ifadələrində gizlənmiş emosiyaları müəyyənləşdirməkdə daha yüksək nəticələr göstəriblər.

Yaradıcılığı artırır

Kitab oxumağın digər bir təsiri isə yaradıcılıq və düşüncə elastikliyi sahəsində özünü göstərir. Maja Djikic tərəfindən 100 iştirakçı üzərində aparılan və bədii ilə sənədli əsər oxunuşlarını müqayisə edən araşdırma bu faktı ortaya qoyub. Tədqiqatın nəticələrinə əsasən, bədii ədəbiyyat oxuyan şəxslər sənədli əsər oxuyanlara nisbətən daha yaradıcı və daha çevik düşüncəyə malik olublar. Bu təsirin isə mütəmadi şəkildə kitab oxuyan insanlarda daha güclü olduğu müəyyən edilib.

Mənbə: Paraf.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et