Adətən şokoladı yalnız dadlı bir qəlyanaltı kimi qəbul edirik. Lakin son tədqiqatlar göstərir ki, bitter şokolad təkcə damaq ləzzəti ilə deyil, saç sağlamlığına olan təsiri ilə də seçilir. Xüsusilə tərkibində ən azı 70 faiz kakao olan bitter şokolad, saç tökülməsinin qarşısını almaqda və saçın uzanmasını sürətləndirməkdə mühüm rol oynaya bilər.

Mütəxəssislərin fikrincə, bitter şokoladın tərkibindəki vitaminlər, yağ turşuları və minerallar saç dərisini qidalandırır, saç tellərini nəmləndirir və onlara sağlam bir parıltı bəxş edir.
Saçlara təsiri necə olur?
• Flavonollarla zəngindir: Bitter şokolad antioksidant təsiri olan flavonollar baxımından olduqca zəngindir. Bu maddələr saçların vaxtından əvvəl ağarmasının və tökülməsinin əsas səbəblərindən biri olan oksidativ streslə mübarizə aparır. Eyni zamanda, qan dövranını sürətləndirərək saç köklərinə daha çox oksigen və qida maddəsi çatdırır.
• Bədənə lazım olan minerallarla doludur: Saç sağlamlığı üçün vacib olan minerallardan biri də misdir (bakır). Bitter şokolad bu mineralla zəngindir. Mis maddəsi saçların daha güclü, hamar və dözümlü olmasında mühüm rol oynayır.
• Saçın ümumi görünüşünü yaxşılaşdırır: Bitter şokolad təkcə saçın uzanmasını deyil, həm də saç dərisinin quruluğunu aradan qaldırır, saçlara parlaqlıq və elastiklik verir. Eyni zamanda, UV şüalarının zərərli təsirinə qarşı qoruyucu təsir göstərir və saç dərisində infeksiya yaranmasının qarşısını alır.
Mənbə: NTV haber
Tərcümə etdi: Mina Yadigarlı
