Bu gün:

Piet Mondrian kimdir?


Piet Mondrian 7 mart 1872-ci ildə Amersfortda anadan olub. Əsl adı Pieter Cornelis Mondriandır. O, 1892-1894-cü illərdə Amsterdam Akademiyasında rəssamlıq təhsili alıb. Təxminən 1903-cü ildə teosofiya ilə (fərd, Tanrı və mələklər arasında birbaşa əlaqənin fəlsəfi anlayışı) maraqlanıb. 1911-ci ildə Parisə gedib. Burada o, əvvəlcə simvolist, sonra kubist sənəti ilə maraqlanıb. 1914-cü ildə ölkəsinə qayıdıb. O, 1916-1917-ci illərdə neoplastiklik nəzəriyyəsini inkişaf etdirib. Van Doesburq və Entoni van der Lek (1876-1958) ilə birlikdə De Stijl qrupunu qurub. 1919-cu ildə yenidən Parisə gedib, lakin De Stijl jurnalına göndərdiyi məqalələrlə qrupa töhfə verməyə davam edib.

Onun esseləri ilk dəfə 1920-ci ildə Parisdə “Le neo-plasticisme” adı ilə nəşr edilmişdir. Eyni əsərin alman dilinə tərcüməsi 1924-cü ildə Nene Gestaltung adı ilə Bauhaus nəşrlərində çıxdı. Mondrian o illərdə Van Doesburqun elementalizmin inkişafına reaksiya verərək De Stijldən ayrıldı. 1938-ci ildə Londona getdi. İkinci Dünya Müharibəsi zamanı emalatxanası bombalananda ABŞ-a getdi və 1940-cı ildə Nyu-Yorkda məskunlaşdı.

Daha əvvəl mənzərələr çəkən Mondrian Parisə getdikdən sonra holland rəssamı Jan Tooropun təsiri ilə xəttə əhəmiyyət verməyə və simvolik əsərlər çəkməyə başladı. Daha sonra Sezanna ilə görüşünün və o dövrdə Parisdə hakim olan kubizmin təsiri ilə abstraksiyaya keçdi. Onun sxematik obrazlılıqdan düz xətlərə və kiçik qövslərə keçidini 1909-1911-ci illərdə çəkdiyi ağac rəsmlərində görmək olar. Bu dövrdə o, kəsik xətlərdən və oval formalardan istifadə etdiyi rəsmlər də çəkmişdi. Bu inkişafda o, sırf həndəsi abstraksiyaya çatmaq üçün kubizmin naturalist təriflərindən uzaqlaşaraq diqqətini dördbucaqlılara yönəltməyə başladı. Ağ fonda yalnız əsas rənglərdən istifadə edərək etdiyi bu tənzimləmələrlə De Stijlin əsas prinsipi olan neoplastiklik nəzəriyyəsini inkişaf etdirməyə başladı. Lakin o, 1920-ci illərdən etibarən ağ zəminin  bir insana oxşadığını düşünərək kətanı üfüqi və şaquli qara xətlərlə ayırmış və onların arasındakı düzbucaqlıları sarı, qırmızı və mavi rənglərlə boyamışdır.

Mondrian mistik və teosofistik düşüncəyə əsaslanan neoplastiklik nəzəriyyəsini inkişaf etdirdi. Onun məqsədi həyatın əsasını təşkil edən, lakin təbiətdə ifadə tapa bilməyən universal tarazlıq və harmoniya prinsiplərini ifadə etmək idi. Təbii formaları onların üfüqi və şaquli əlaqələrinin dəyişməz elementlərinə, təbii rəngləri isə əsas rənglərə endirmək idi. Beləliklə, şəxsi əşyalar universal əşyalara çevrilə bilər. O, 1930-cu illərdə istifadə etdiyi üfüqi və şaquli xətlərin sayını artıraraq onları qəfəs naxışına çevirərək rəsmlərinə bəzi şəhər adları verməyə başladı. 1940-cı illərdə qara rəngdən imtina edərək kiçik ölçülü, rəngli düzbucaqlıları bir-birinin ardınca düzərək-xəttin vəzifəsini rəngə həvalə edərək bu qəfəs toxunuşu əldə etdi.

Mondrianın əsərləri və nəzəri araşdırmaları rəssamlıqla yanaşı memarlığa da öz təsirini göstərmişdir.

Mənbə: artkolik

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et