Bu gün:

Baş zədələri beyin hüceyrələrinə ziyan vurur?


Beyin düşüncə, yaddaş və hərəkət kimi vacib funksiyalara cavabdeh olan həssas orqandır. Baş zədələri beyinə zərər verə bilər, amma bu, zərbənin gücündən və təsir etdiyi nahiyədən asılıdır.


Gündəlik həyatda başa dəyən kiçik zərbələr, məsələn, qapıya toxunmaq və ya sərt yerə vurmaq, adətən ciddi problem yaratmır. Beyin kəllə və maye ilə qorunduğu üçün bu cür zərbələrə qarşı davamlıdır.


Təkrar və güclü baş zədələri beyin hüceyrələrinə qalıcı zərər verə bilər. Neyronlar zədələndikdə bərpası çətindir, bu da ciddi nevroloji problemlərə səbəb ola bilər. Təmas idmanları ilə məşğul olanlar “xroniki travmatik ensefalopatiya” (CTE) riski ilə üzləşirlər. CTE yaddaş itkisi, düşüncə və əhval problemləri ilə müşahidə olunur.


Hər zərbə beyin hüceyrələrini öldürməsə də, bəziləri mikroskopik ziyana səbəb ola bilər. Beyin sarsıntısı başa dəyən zərbədən sonra yaranan müvəqqəti beyin pozuntusudur və baş ağrısı, yaddaş itkisi, balans problemi ilə özünü göstərir. Sarsıntılar təkrarlanarsa, xüsusən uşaqlarda, uzunmüddətli psixi və zehni fəsadlara yol aça bilər.


Bəzi beyin xəsarətləri dərhal görünməsə də, zamanla beyində şişkinlik, iltihab və ya qanaxmaya səbəb ola bilər. Bu da beyin funksiyalarını pozaraq nevroloji problemlərə yol aça bilər.


Bəs bu cür zərbələrdən necə qorunmaq olar?

Beyin xəsarətlərinin qarşısını almaq üçün qoruyucu vasitələrdən istifadə vacibdir. Təmas idmanlarında dəbilqə zərbələrin təsirini azaldır. Riskli yerlərdə ehtiyatlı davranmaq da beyin sağlamlığını qorumağa kömək edir. 


Nəticə olaraq, hər baş zərbəsi beyin hüceyrələrinə zərər verməsə də, xüsusilə, şiddətli və təkrarlanan zərbələr ciddi nevroloji zədələnmələrə səbəb ola bilər. Beyin sağlamlığını qorumaq üçün travmalardan uzaq durmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək və şübhəli hallarda həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.


Beyin həyatımızın mərkəzində duran ən vacib orqanlardan biridir və onu qorumaq üçün mümkün olan bütün tədbirləri görmək lazımdır.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et