Yay fəslinin gəlişi ilə artan arıqlama tələsikliyi bitki tərkibli arıqlama preparatlarının yanlış istifadəsinə yol aça bilər. Mütəxəssislər bu məhsulların ürək, qaraciyər və sinir sistemi üzərində ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Mütəxəssislərdən vacib xəbərdarlıqlar...

Yay aylarında insanların sürətlə arıqlamaq istəyi onları bitki tərkibli arıqlama məhsullarına və əlavələrə yönəldib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu preparatların nəzarətsiz şəkildə qəbulu ciddi sağlamlıq riskləri daşıyır. Biruni Universiteti Tibb Fakültəsinin Tibbi Farmakologiya kafedrasının dosenti Burak Önal xüsusilə internet üzərindən alınan və "bitki tərkibli" adı altında satılan məhsulların sağlamlıq üçün təhlükə yarada biləcəyini qeyd edib.
Dos. Dr. Önal yay aylarında artan arıqlama təzyiqinin insanları sürətli həll yolları axtarmağa vadar etdiyini və bu dövrdə internetdən alınan və ya yaxın çevrənin tövsiyə etdiyi məhsulların ürək-damar, qaraciyər və sinir sistemi üzərində təhlükəli təsirlərə səbəb ola biləcəyini bildirib. “İstidən stressə düşən orqanizmə bu dərmanların şüursuz şəkildə yüklənməsi ciddi sağlamlıq problemlərinə yol aça bilər", – deyə Önal bildirib və bir zamanlar “möcüzəvi” olaraq təqdim edilən, lakin sonradan ürək tutması və iflic riski səbəbindən qadağan edilən sibutramin maddəsini nümunə göstərib.
Reseptsiz satılan və ya internetdən əldə edilən bir çox arıqlama məhsulunun tərkibi ilə bağlı aldadıcı məlumatların verildiyini vurğulayan dosent, ABŞ Qida və Dərman Administrasiyasının (FDA) apardığı tədqiqatlara əsasən bu məhsulların üzərində göstərilməyən güclü dərman maddələri ilə zəngin ola biləcəyini deyib. “Bitki tərkibli” kimi təqdim edilən bu məhsullara gizli şəkildə işlədici maddələr, qalxanabənzər vəz hormonları, sidikqovucu və ya stimullaşdırıcı maddələr əlavə oluna bilər",– deyə Önal bildirib və bu halın sağlamlığa ciddi təsirlər yarada biləcəyinə diqqət çəkib.
Dos. Dr. Önal qeyd edib ki, obezitenin müalicəsində istifadə edilən yeni nəsil dərmanlar hər nə qədər effektiv olsa da, onların da yan təsirləri mövcuddur. O, bu dərmanların ürəkbulanma, qusma və pankreatit kimi risklər daşıya biləcəyini qeyd edib. “Bu tip dərmanlar yalnız həkim nəzarəti altında istifadə edilməlidir. Əks halda ciddi sağlamlıq problemlərinə yol aça bilər",– deyə əlavə edib.
“Bitki tərkibli” ifadəsinin adətən bir marketinq strategiyası kimi istifadə edildiyini vurğulayan Önal, bu məhsulların hər zaman zərərsiz olmadığını bildirib. “Zəhərli göbələk də təbiidir, amma öldürücüdür. Bitki tərkibli olan hər şey zərərsiz deyil və bu məhsullara gizli şəkildə sintetik dərmanlar əlavə olunmuş ola bilər",– deyə vətəndaşlara xəbərdarlıq edib.
Mənbə: CNN türk
Tərcümə etdi: Nərgiz Orucova
