Pakistanda aparılan elmi araşdırmada gənclərin qan qrupunun onların dırnaq yemə vərdişinə təsiri olub-olmaması öyrənilib. 18–22 yaş aralığında olan 160 universitet tələbəsinin iştirak etdiyi bu tədqiqatda maraqlı nəticələr ortaya çıxıb.
Məlum olub ki, dırnaq yemə vərdişi olan oğlanlar arasında ən çox 0 RH pozitiv qan qrupuna sahib olanlara rast gəlinir. Qızlarda isə bu vərdişə ən çox B RH pozitiv qan qrupunda təsadüf olunub.
Ən maraqlısı isə odur ki, dırnaqlarını yemədiyini bildirən şəxslər arasında da oğlanlarda 0 RH pozitiv, qızlarda isə B RH pozitiv qan qrupları üstünlük təşkil edir. Bu isə o deməkdir ki, müəyyən qan qrupları həm vərdişi olan, həm də olmayanlar arasında daha geniş yayılıb.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələr qan qruplarının əhali arasında ümumi yayılma tezliyi ilə də əlaqədar ola bilər. Məsələn, A RH neqativ qan qrupuna sahib iştirakçılar arasında dırnaq yemə vərdişi olan heç bir şəxsə rast gəlinməyib. Bu isə həmin qan qrupunun statistik olaraq az yayılması ilə izah olunur.
Mütəxəssislər qeyd edir ki, bu tip davranışlar yalnız qan qrupu ilə deyil, psixoloji, sosial və ailəvi amillərlə də bağlıdır. Araşdırmanın nəticələri maraqlı olsa da, daha genişmiqyaslı tədqiqatlara ehtiyac var.
Xatırladaq ki, dırnaq yemə vərdişi əsasən stres, həyəcan, sıxıntı və gərginlik kimi hallar zamanı ortaya çıxan psixoloji bir refleks hesab olunur. Bu vərdişin fərqli yaş qrupları və şəraitlərdə necə formalaşdığı isə gələcək elmi araşdırmalar üçün açıq mövzu olaraq qalır.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı
