Bu gün:

Uşaqlarda depressiyaya səbəb olan sosial media


ABŞ-də aparılan yeni bir araşdırma sosial medianın uşaqlarda depressiya əlamətlərini artırdığını ortaya çıxarıb. Kaliforniya Universitetinin San Fransisko kampusu (UCSF) tərəfindən aparılan və JAMA Network Open jurnalında dərc olunan tədqiqata əsasən, sosial mediada sərf olunan vaxt artdıqca uşaqlarda depressiya əlamətləri də paralel olaraq yüksəlib. Bununla belə, tədqiqatçılar depressiv uşaqların sosial mediada daha çox vaxt keçirdiyinə dair tərs istiqamətli bir əlaqə müəyyən etməyiblər.

Üç il davam edən araşdırma zamanı uşaqların gündəlik sosial media istifadəsi 7 dəqiqədən 73 dəqiqəyə qədər artıb. Eyni müddət ərzində isə depressiya əlamətləri 35% yüksəlib.

Tədqiqatın baş müəllifi Dr. Ceyson Naqata bildirib: “Sosial medianın depressiyaya səbəb olub-olmadığı, yoxsa sadəcə mövcud depressiv vəziyyəti əks etdirib-etdirmədiyi uzun müddətdir müzakirə mövzusudur. Əldə etdiyimiz nəticələr sosial medianın depressiyanın inkişafına töhfə verə biləcəyinə dair sübut təqdim edib".

Bu araşdırma uşaqların zaman içindəki fərdi dəyişikliklərini izləyən nadir tədqiqatlardan biri hesab olunub. Təxminən 12 min uşaq 9–10 yaşlarından başlayaraq 12–13 yaşlarına qədər izlənilib.

Niyə təsir edir?

Sosial medianın depressiyaya necə təsir etdiyi hələ də tam aydın deyil. Lakin əvvəlki araşdırmalar göstərir ki, kiber zorakılıq və yuxu pozuntuları bu prosesdə risk faktorları ola bilər.

Naqata və onun komandası eyni iştirakçı qrupu ilə apardıqları başqa bir araşdırmada müəyyən ediblər ki, 11–12 yaşlı uşaqlar kiber zorakılığa məruz qaldıqda bir il içində intihar düşüncəsi və ya təşəbbüsü riski 2,6 dəfə artıb.

Eyni zamanda, bu uşaqların müxtəlif maddələrdən istifadə etməyə başlama ehtimalı da daha yüksəkdir:

Narkotik maddə istifadə riski – 4,65 dəfə, nikotin istifadə riski – 3,37 dəfə, alkoqol istifadə riski – 1,92 dəfə yüksəlib.

Tədqiqatçılar bildirirlər ki, uşaqlar sosial mediadan istifadə mövzusunda çətin bir tarazlıqla üz-üzədirlər. Bir tərəfdən sosial medianın depressiya və riskli davranışlarla əlaqəsi getdikcə güclənib, digər tərəfdən bu platformalar uşaqların dostları ilə əlaqə qurmaq üçün mühüm bir sahə olaraq qalıb.

Bu tarazlığı qorumaq məqsədilə Amerika Pediatriya Akademiyası valideynlərə Ailə Media Planı kimi alətlərdən istifadə edərək rəqəmsal vərdişləri daha sağlam şəkildə formalaşdırmağı tövsiyə edib.

Dr. Naqata qeyd edir: “Ata olaraq bilirəm ki, uşaqlara sadəcə ‘telefonunu yerə qoy’ demək kifayət etmir. Valideynlər açıq və qərəzsiz ünsiyyətlə nümunə olmalıdırlar. Ailəvi yemək vaxtları və yatmazdan öncə ekran istifadəsinə ara vermək sağlam rəqəmsal vərdişlərin inkişafına kömək edə bilər".

Mənbə: TRT haber

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et