Bu gün:

"Tələbə tamaşaları festivalının məqsədi istedadlı gəncləri aşkar etməkdir"


24Media.az Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə keçirilən “PİLLƏ 2” Tələbə Tamaşaları Festivalının qaliblərinə suallar ünvanlayıb.

Həmçinin teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov və Elçin Cəfərov festivalla bağlı təəssüratlarını “24Media.az” ilə bölüşüblər.

Sənətşünas Vidadi Qafarov bildirib ki, tələbə tamaşaları festivalının məqsədi tədris prosesi ərzində tələbələrin tədris proqramını hansı səviyyədə qavradıqlarını və hansı istiqamətdə getdiklərini üzə çıxarmaq, istedadlı gəncləri aşkar etmək və sənətə təşviq etməkdir. Müsahibimiz deyir ki, demək olar ki, festival ərzində bu məqsədlərinə çatıblar.

Vidadi Qafarov festivalda “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu” və “Ən yaxşı qadın rolu” nominasiyaları olduğunu və bir də gənc ekspertlər qrupunun seçdiyi tamaşanın mükafatlandırılacağını qeyd edib.

24Media.az xatırladır ki, bu il “PİLLƏ 2” Tələbə Tamaşaları Festivalında 10 tamaşa nümayiş olunub, onlardan 9-u müsabiqə tamaşası, biri isə Bakı Dövlət Universitetinin (BDU) teatr truppasının nümayiş etdirdiyi tamaşadır.

BDU-nun teatr truppası haqqında “Bir özfəaliyyət teatrı olaraq həvəskar səviyyədə öz işlərinin öhdəsindən bacarıqla gəliblər”, - deyən Qafarov qeyd edir ki, həmin teatrdakı tələbələrdən birinin ifasını çox bəyənib və onu ADMİU-nun tələbəsi kimi görmək istəyirlər.

“Bir özfəaliyyət teatrı olaraq həvəskar səviyyədə öz işlərinin öhdəsindən bacarıqla gəliblər. Onlar 2016-cı ildə 4 günlük Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş “Yarımçıq qalmış” pyesini oynadılar. Orada qəhrəmanın sevgilisi rolunda olan qızın ifası, səsi, danışığı, səhnəyə uyğunluğu və obrazı yaşaya bilmək qabiliyyəti çox xoşuma gəldi, hətta məmnuniyyətlə onu bizim universitetin tələbəsi olaraq görmək istəyərdim. Həmin tələbədə çox güclü aktrisa olmaq potensialı var idi. Mənim yaddaşımda səmimi ifası ilə iz qoydu. Ona görə mən onların da teatr fəaliyyətini alqışlayıram”.

“Özfəaliyyət teatrlarının fəaliyyətini genişləndirmək lazımdır”, - deyən Vidadi Qafarov belə teatrların digər universitetlərdə yaradılmasının və müsabiqələrin vacibliyindən danışıb:

“Digər universitetlərdə də belə həvəskar teatr truppaları yaradılsın, aralarında müsabiqə keçirilsin. Bu, çox böyük marağa səbəb ola, teatrın geniş yayılmasına xidmət edə bilər”.

Festivalda çox sayda istedadlı gəncləri üzə çıxardıqlarını vurğulayan Qafarov həmin tələbələrin arasında peşəkar fəaliyyət göstərməyə hazır olan gənclərin olduğunu da qeyd edib:

“Aralarında ümumi 4-5 aktyor-aktrisa var ki, onlar hər hansısa teatrda peşəkar səhnədə rol alıb tamaşada oynaya bilərlər”. 

Sənətşünas festivalda hər gün ötən günün tamaşalarının müzakirəsində gənc ekspertlər qrupunun çox fəal iştirak etdiyini deyir. Vidadi Qafarov onu da vurğulayıb ki, ilk olaraq söz onlara verilib, çünki müəllimlərdən ibarət münsiflər heyəti birinci danışsa, tələbələr  onların sözündən təsirlənə bilərmişlər.

“Baxmayaraq ki, gənc ekspertlər qrupunu, əsasən, birinci, ikinci, üçüncü kurs tələbələri təşkil edirdi, onların çıxışlarını, təhlillərini, müzakirələrini qənaətbəxş hesab edirəm. Kifayət qədər maraqlı fikirlər səsləndirirlər, belə tədbirlər həm də onların danışıq vərdişinin inkişafına xidmət edir”.

Qafarov gənc teatrşünaslar arasında festivalla bağlı ən yaxşı yazı müsabiqəsi keçirildiyini də qeyd edib: 

“Müsabiqə bu ayın ikinci yarısında başa çatacaq, biz gənc teatrşünaslar arasında ən yaxşı yazısı olanı seçəcəyik. 200 manat həcmində mükafat nəzərdə tutulub”. 

Festivalda gənc teatrşünasların yazı redaktə etmək üçün həvəsləri və səbirsizlikləri gözümüzdən qaçmadı. 

Teatrşünas Elçin Cəfərov da bizimlə öz fikirlərini bölüşüb. Festivalın yaxşı keçdiyini və əlamətdar olduğunu söyləyən Cəfərov universitetin 100 illiyi ərəfəsində keçirilən festivalda iştirak edən tələbələr və onların tamaşalarının universitetin tarixinə düşdüklərini vurğulayıb.

Teatrşünas qeyd edib ki, nöqsanların, problemlərin aşkar edilməsi və həmin zəif cəhətlərin inkişaf etdirilməsi festivalın məqsədlərindəndir. 

Elçin Cəfərov hesab edir ki, festival ölkənin həm təhsil, həm də incəsənət sferası üçün çox böyük hadisədir və bu cür festivalların keçirilməsi mütləqdir. 

9 iyunda ötən günün tamaşalarının müzakirəsi ilə başlayan festivalın son günü Elena İsayevanın “Müasir dramaturgiya: mövzular və mənalar” adlı seminarı ilə davam edib, daha sonra isə saat 16:00-da bağlanış və mükafatlandırma mərasimi baş tutub. 

“Ən yaxşı kişi rolu” nominasiyasının qalibi və “Ən yaxşı tamaşa” nominasiyasına layiq görülmüş “Nazirin xanımı” tamaşasında çıxış edən ADMİU-nun 4-cü kurs tələbəsi Elməddin Zakirli “24Media.az” ilə öz düşüncələrini bölüşüb. 

Xatırladaq ki, tamaşa serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında müasir formada səhnələşdirilmişdir.

Qalib olmağı gözlədiyini deyən gənc aktyor özünün və çıxış etdikləri tamaşanın nominasiyaya layiq görülməsinin onun üçün ikiqat sevinc olduğunu söyləyib.

“Ən yaxşı qadın rolu” nominasiyasının qalibi ADMİU-nun 3-cü kurs tələbəsi Nigar Mürsəlova da bizimlə öz təəssüratlarını paylaşıb. Festivalın bütün tələbələr üçün həyəcanlı və sevinc dolu keçdiyini söyləyən gənc aktrisa hələ də həyəcanlı olduğunu qeyd edib:

“Universitetdə festivalların olması çox yaxşı ideyadır. Müəllimlər və tələbələr sessiya ərzində əziyyət çəkirlər, tamaşalar hazırlanılır və festivalda tamaşaların yarışması, rəqabət ayrı bir həyəcan qatır, çox maraqlı və zövqlü proses olur”. 

Gənc aktrisa müəllimlərinə və festivalda əməyi keçən hər kəsə  öz minnətdarlığını bildirib:

“Başda Ceyran xanım Mahmudovaya, Elçin Cəfərova və digər əməyi keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Ustadım Ruslan İsmayılov sayəsində bu gün “Ən yaxşı qadın rolu” nominasiyasına layiq görülmüşəm, çox xoşbəxtəm!”

Xatırladaq ki, ilk “PİLLƏ” Tələbə Tamaşaları Festivalı  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində 2022-ci il 22-25 iyun tarixlərində keçirilib.

Hazırladı: Günel Məmmədova

Paylaş
Şərh əlavə et