Bu gün:

“Hər bir valideyn məsuliyyətini anlamalıdır”


24media.az-ın  "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı hüquqşünas İlhamə Həsənovadır. O, hüquqi tədbirlər haqda danışıb.

-Azərbaycanda valideynlərin uşaqlarını təhsildən yayındırma kimi hallara rast gəldiyimiz hallarda, hüquqi cəhətdən nə kimi tədbirlər görə bilərik?

Məcəllənin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq, vəzifələrinə həsr olunub. Valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına, psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Burada dövlətin müdaxiləsi halları da istisna edilmir və bu, uşağın mənafeyi tələb etdiyi halda baş verir. Yəni dövlət uşaq hüququnun pozulması və onun maraqlarının nəzərə alınmadığı hallarda müdaxilə etmə hüququna malikdir. Məcəllədə qeyd edilib ki, valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yaranarsa, bu zaman müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyinin müdafiəsi üçün nümayəndə təyin etməlidir. Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ailə Məcəlləsində qeyd edilir ki, valideynlik hüquqları heç bir halda uşaqların mənafeyinə zidd şəkildə istifadə edilə bilməz. Yəni valideynlər uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verməməlidir.  Çünki onlar öz uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri də onların valideynlik hüquqlarından məhrum edilməsidir. Qanunvericilikdə yetkinlik yaşına çatmayanların təhsil alması üçün valideynlər qarşısında bir çox hüquq və vəzifələr qoyulmuşdur. Hər bir uşaq yetkinlik yaşına çatanadək təhsil almalı, məktəbli adını daşımalıdır. Ölkəmizdə ümumi orta təhsil icbaridir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəası təsbit edilmişdir. Eyni zamanda, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsində uşaqların icbari ümumi orta təhsildən yayındırılmasının qadağan olduğu qeyd edilmişdir. Ölkə qanunvericiliyində uşaqların təhsilə cəlb olunması, ümumi orta təhsil alması üçün bir çox normativ aktlar qəbul edilmişdir. Bu prosesdə valideynlərin məsuliyyətinin artırılması və uşaqların təhsilə istiqamətlənməsində rolu böyükdür. Hər bir valideyn uşağın təhsil almasına maraq göstərməli, uşağın inkişafı üçün münbit şərait yaratmalıdır. 
Valideynlərin uşaqlara təhsil verməsi Ailə Məcəlləsinin 58-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, bu hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsində təsbit olunmuşdur. 
Belə ki,  övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynlərin vəzifələri kimi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 189-cu və 512-ci maddəsinə ,əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərə məsuliyyət nəzərdə tutulmuşdur. Valideyn məsuliyyətsizliyinin digər bir təzahürü isə təhsildən yayındırmaqla azyaşlı uşaqların erkən yaşlarda qeyri-rəsmi nikaha məcbur edilməsidir. Cinayət məcəlləsinin 176-1-ci maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə və eyni əməllərin nikah yaşına çatmayan şəxs barəsində törədilməsinə görə valideynlərə və ya onların qanuni nümayəndələrinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, əsasən, təhsilverənlər uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltməli, elmi araşdırmalar aparmalı, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirməlidir.  Belə ki, təhsil müəssisəsinin rəhbəri hər bir uşağın təhsil almasına maraq göstərməli, təhsildən yayınmasının qarşısını almalıdır. Məlumat üçün qeyd edək ki, ölkə Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərmanına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə görə təhsil verənlərə protokol tətbiq etmək səlahiyyəti həvalə edilmişdir. Reallıqda valideynlər tərəfindən bu təminatın pozulması ilə bağlı məsələlərə tez-tez rast gəlinsə də, yalnız təhsil verənlərə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki,  təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 181.0.3-cü maddəsinə görə, inzibati məsuliyyətə səbəb olur.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et