Elektrik vurması — bir canlının elektrik enerjisi ilə birbaşa təmas etməsi nəticəsində elektrik cərəyanına məruz qalmasıdır. Bəs elektrik vurması zamanı ilk yardım necə göstərilməlidir? Elektrik vurması insan bədəninə necə təsir edir?
Elektrik vurması zamanı ilk tibbi yardım necə göstərilməlidir?
Əgər elektrik vurması baş veribsə, xüsusən də ciddi elektrik cərəyanına məruz qalma hallarında tətbiq ediləcək ilk yardım tədbirləri aşağıdakılardır:
1. Cərəyan mənbəyindən mümkün qədər uzaqlaşmaq.
2. Dərhal təcili yardım xidmətinə (112 və ya digər təcili yardım nömrəsi) zəng etmək.
3. Elektrik mənbəyindən uzaqlaşdıqdan sonra artıq hərəkət etməkdən çəkinmək.
Elektrik vurmasının yüngül olduğu və heç bir simptom hiss olunmadığı hallarda belə daxili orqanların zədələnməsini müəyyənləşdirmək üçün mütləq tibbi yardım üçün səhiyyə müəssisəsinə müraciət edilməlidir.
Elektrik cərəyanı bədəndə dörd növ zədələnməyə səbəb ola bilər:
1. Flaş Elektrik Vurması: Flaş (parıltı) yanığı adlanan bu tip elektrik vurması əsasən səthi yanıqlara səbəb olur. Bu yanıq elektrik qığılcımı zamanı yaranan istilik təsirindən baş verir və dərialtı toxumalara keçmir.
2. Alov Yanıqları: Elektrik qığılcımı nəticəsində paltarların alovlanması ilə yaranan yanıqlardır.
3. İldırım Vurması: İldırım vurması qısa müddətli, lakin yüksək gərginlikli elektrik cərəyanı təsiridir. Bu halda elektrik cərəyanı insan bədəni boyunca yayılır.
4. Həqiqi Elektrik Vurması: Elektrik cərəyanı ilə birbaşa təmas nəticəsində insan bədəninin elektrik dövrəsinin bir hissəsi kimi davranması ilə yaranan elektrik vurmasıdır.
Elektrik vurmasının əlamətləri hansılardır?
Elektrik vurmasının əlamətləri vurulmanın növünə və cərəyanın gərginliyinə görə fərqlənə bilər. Ümumiyyətlə, elektrik vurmasının ən çox rast gəlinən əlamətləri aşağıdakılardır:
• Uyuşma, qıcıqlanma
• Yanıqlar
• Tutmaların (qıcolma) yaranması
• Ürək döyüntülərində nizamsızlıq
• Nəfəs darlığı
• Görmə və eşitmə problemləri
• Əzələ spazmları
• Baş ağrısı
• Şüur itkisi
• Ürəyin dayanması
Mənbə: Cumhuriyyet
Tərcümə etdi: Mina Yadigarlı
