Bu gün:

Ən çox asılılıq yaradan 5 maddə hansılardır?


Asılılıq, insanın hansı maddəyə bağlı olmasından asılı olmayaraq, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Amma İngiltərədə çalışan psixiatrlar dünyada ən çox asılılıq yaradan maddələri müəyyən edərək maraqlı bir siyahı tərtib ediblər.
Kofein dünyada ən çox istifadə olunan psixoaktiv maddələrdən biri olsa da, mütəxəssislər hesab edir ki, yalnız həddindən artıq qəbul edildikdə sağlamlıq üçün təhlükə yaradır. Buna görə də, gündə bir neçə fincan qəhvə içmək sizi bu riskli maddələr siyahısına daxil etmir.

Ancaq mütəxəssislər qeyd edirlər ki, insanın hər hansı bir maddəyə fiziki və psixoloji cəhətdən asılı hala düşməsi düşündüyümüzdən daha asan baş verir. Xüsusilə, aşağıda sadalanan beş maddədən uzaq durmaq, bədənini qorumaq istəyənlər üçün ağıllı seçim ola bilər.

 Psixiatrlar Kollecindən olan bir qrup psixiatr, kimyaçı və farmakoloq maddələri üç əsas meyara görə qiymətləndiriblər:

• Asılılıq səviyyəsi: verdiyi həzzin intensivliyi, fiziki və psixoloji asılılıq yaratma gücü

• Fiziki zərər: qısa və uzunmüddətli sağlamlıq təsirləri

• Cəmiyyətə zərər: sərxoşluq, sosial təsirlər və səhiyyə sistemi üçün maliyyə yükü


Ən çox asılılıq yaradan 5 maddə:

5) Alkoqol

Son dövrlərdə, xüsusilə, gənclər və məşhur simalar arasında alkoqoldan uzaq durma və ayıq həyat tərzi seçimi artmaqdadır. Tom Hardi və Ed Şiran kimi məşhur şəxslər buna nümunədirlər.

Araşdırmalara görə, alkoqol nikotinlə eyni səviyyədə fiziki asılılıq yaradır və həzz alma göstəricisi də bənzərdir. Lakin psixoloji asılılıq səviyyəsi daha aşağı qiymətləndirilib.

4) Barbituratlar

Əvvəllər narahatlıq (anksiyete) müalicəsində istifadə olunan bu sakitləşdiricilər ciddi yan təsirləri və sui-istifadə riski səbəbilə artıq geniş istifadə edilmir. Ancaq asılılıq potensialı yüksəkdir və ümumi asılılıq balı 2/3-dür.

3) Nikotin

2022-ci ilə görə, dünyada siqaret çəkənlərin nisbəti təxminən 20% civarında olub. Bu göstərici 2000-ci ildə 33% səviyyəsində olub və illər ərzində azalma müşahidə olunub. Lakin dünya əhalisinin artması səbəbindən siqaret çəkənlərin sayı hələ də yüksəkdir. 2022-ci ildə dünyada təxminən 1,25 milyard yetkin insan tütün istifadə edib. 

Nikotin, kokain qədər psixoloji asılılıq yarada bilir. Lakin mütəxəssislərə görə, nikotin daha az həzzverici təsir göstərir və fiziki asılılıq baxımından kokain qədər güclü deyil.

2) Kokain

Həzzverici təsiri baxımından 3/3 bal alan kokain, psixoloji asılılıqda eroinin arxasında qalır, fiziki asılılıqda isə yarı səviyyədədir.

1) Eroin

A sinifinə aid edilən bu narkotik vasitə asılılıq yaradan təsirlərinə görə “tam bal” alıb.

Həzz, istək və fiziki asılılıq baxımından hər biri üçün 3/3 bal ilə qiymətləndirilən eroin, “dünyada ən çox asılılıq yaradan maddə” hesab edilir.

 

Mənbə: Cümhuriyyet

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et