Bu gün:

Ürək xəstəliklərindən ölüm riskini artıran kimyəvi maddə


Son illərdə aparılan araşdırmalar plastik əşyaların tərkibində olan ftalat adlı kimyəvi maddələrin insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyini göstərir. ABŞ-nin NYU Langone Health universitetində aparılan araşdırmaya görə, 2018-ci ildə dünyada 55-64 yaş arası insanların 2,6 milyondan çoxu ürək-damar xəstəlikləri səbəbindən həyatını itirib. Bu ölümlərin təxminən 13,5 faizinin ftalatlarla əlaqəli ola biləcəyi düşünülür.Ftalatlar nədir?

Ftalat şampun, losyon, qida qablaşdırması, tibbi avadanlıqlar (qan torbaları daxil olmaqla) kimi gündəlik istifadə etdiyimiz məhsullarda geniş yayılan maddədir. Bu maddə plastikləri daha yumşaq və elastik etmək üçün istifa edilir. İnsan bədəninə əsasən qidalar, nəfəs alma və dəri təması yolu ilə daxil ola bilir. Bədənə düşən ftalatlar hormon sistemini pozaraq (endokrin pozucu) sağlamlığa mənfi təsir göstərir.

Əvvəlki tədqiqatlarda ftalatların diabet, piylənmə, hamiləlikdə problemlər və ürək xəstəlikləri ilə əlaqəli ola biləcəyi aşkar edilib.

Yeni araşdırmanın nəticələri

Tədqiqatda əsas diqqət PVC plastiklərində geniş istifadə olunan DEHP (di-2-etilheksilftalat) adlı ftalat növünə yönəlib. Araşdırmaçılar DEHP-ə məruz qalma səviyyəsi ilə ürək-damar xəstəliklərindən ölüm riski arasındakı əlaqəni qiymətləndirib. Onlar 2008-ci ildəki DEHP maruziyyəti ilə on il sonra dünyanın müxtəlif bölgələrində baş verən ürək-damar xəstəliklərindən ölüm hallarını müqayisə ediblər. 

Araşdırmanın nəticələrinə görə, 2018-ci ildə DEHP ilə əlaqəli təxminən 350 mindən çox əlavə ölüm (yəni gözləniləndən artıq ölüm) qeydə alınıb. Bi ölümlərin böyük hissəsi Orta Şərq, Cənubi və Şərqi Asiya, həmçinin Sakit Okean bölgəsində baş verib. Alimlər hesab edir ki, bu, həmin bölgələrdə sürətlə inkişaf edən plastik sənayesi ilə bağlı ola bilər.

Araşdırmanın məhdudiyyətləri

Mütəxəssislər qeyd edir ki, araşdırma DEHP ilə ürək xəstəlikləri arasındakı əlaqəni göstərsə də, bu maddənin birbaşa xəstəliyə səbəb olduğunu sübut etmir. Buna baxmayaraq, DEHP maruziyyəti riskləri artıran amillərdən biri kimi diqqətə alınmalıdır. Araşdırmaçılar DEHP ilə yanaşı digər ftalatların da insan orqanizminə təsirini öyrənməyin vacibliyini vurğulayır.

Mütəxəssislər insanlara plastik məhsullardan mümkün qədər uzaq durmağı və plastik istifadəsini azaltmağı tövsiyə edir. Plastik məhsullardakı ftalatların sağlamlığa təsiri ilə bağlı tədqiqatlar davam edir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu maddələrin insanlara nə qədər təsir etdiyini müəyyən etmək üçün daha geniş məlumat bazasına ehtiyac var.

Mənbə: Evrim ağacı

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et