Banyodan və ya hovuzdan çıxdıqdan sonra əl və ayaq barmaqlarında yaranan büzüşmələr hamımıza tanış mənzərədir. Əksəriyyət bunun dərinin suyu özünə çəkməsi ilə bağlı olduğunu düşünür. Lakin aparılan son elmi araşdırmalar bu fikrin tam doğru olmadığını üzə çıxarıb.
DailyMail-in yaydığı məlumata görə, ABŞ-nın Nyu-York ştatında yerləşən Binqhemton Universitetinin Biomedikal Mühəndislik Fakültəsinin əməkdaşı, dosent Dr. Qay Germanın rəhbərliyi ilə aparılan tədqiqat zamanı maraqlı nəticələr əldə olunub.
Tədqiqat çərçivəsində üç nəfərin barmaqları 30 dəqiqə ərzində suda saxlanılıb. Alimlər həmin müddətdə barmaqlarda yaranan qırışların formasını qeydə alıblar. Məlum olub ki, 24 saat sonra da eyni naxışlar təkrar yaranır. Bu isə o deməkdir ki, büzüşmələr təsadüfi deyil, müəyyən bir fizioloji mexanizmin nəticəsidir.
Əsas səbəb – sinir sistemi
Mövzu ilə bağlı açıqlama verən Dr. German bildirib ki, barmaqların büzüşməsi dərinin suyu özünə çəkməsi ilə bağlı deyil, bu, avtonom sinir sisteminin bir reaksiyasıdır.
“Uzun müddət mən də bunun dərinin suyu sovurması ilə bağlı olduğunu düşünürdüm. Amma araşdırmalar bunun sinir sistemi tərəfindən idarə olunan bir proses olduğunu göstərdi”, – deyə o qeyd edib.
Avtonom sinir sistemi insan bədənində nəfəsalma, ürək döyüntüsü, göz qırpma kimi qeyri-ixtiyari funksiyaları idarə etməklə yanaşı, qan damarlarının daralıb-genişlənməsinə də nəzarət edir. Su ilə təmas zamanı dəridəki tər vəziləri aktivləşir və bu, dəriyə su keçidini sürətləndirir. Nəticədə dəridəki duz miqdarı azalır, bu isə sinir sistemi tərəfindən “siqnal” kimi qəbul olunur və qan damarlarının daralmasına səbəb olur.
Məhz bu daralma dərinin həcmini azaldır və xaricdən baxıldıqda büzüşmüş görünüş yaranır.
Dr. German bu prosesi “qurumuş üzümün kişmişə çevrilməsi” ilə müqayisə edib.
Büzüşmənin bir faydası da var
Alimlərin diqqət çəkdiyi məqam isə büzüşmüş barmaqların islak səthlərdə daha güclü tutuş təmin etməsidir. Yəni bu proses yalnız fizioloji deyil, həm də evolyusion üstünlük daşıyır.
Aparılan təcrübələr göstərib ki, sinir sistemi zədələnmiş şəxslərdə bu cür büzüşmələr müşahidə olunmur. Bu isə prosesin sinir sistemi ilə birbaşa əlaqəli olduğunu bir daha sübut edir.
Mənbə: NTV
Tərcümə etdi: Mina Yadigarlı
