Gecə keyfiyyətli yuxu üçün təkcə yuxudan əvvəl deyil, gün ərzində qəbul edilən qidalar da mühüm rol oynayır. Kolumbiya Universitetinin Yuxu və Sirkadiya Tədqiqat Mərkəzinin direktoru professor Mari-Pyer St-Onj bildirir ki, müəyyən qidalar melatonin hormonunun ifrazını artıraraq yuxuya getməyə və yuxuda qalmağa kömək edir.

Melatonin orqanizmdə yuxu-oyanıqlıq dövrlərini tənzimləyən hormondur. Onun sintezi isə triptofan adlı amin turşusundan asılıdır. Triptofan bədən tərəfindən sintez olunmur və yalnız qida vasitəsilə qəbul edilə bilər. Bu baxımdan qidalanma yuxunun tənzimlənməsində mühüm amildir.
Mütəxəssislər bildirirlər ki, yalnız yuxudan əvvəl bir ovuc qoz-fındıq yemək kifayət etmir. Əsas diqqət gün boyu balanslı və təbii məhsullarla qidalanmağa yönəlməlidir. Bu baxımdan, meyvə, tərəvəz, bütöv taxıllar, paxlalılar, toxumlar və qoz-fındıqla zəngin bir pəhriz tövsiyə olunur. Emal olunmuş məhsullar, məsələn, tort, peçenye, kraker isə yuxuya mənfi təsir göstərə bilər.
2018-ci ildə aparılan bir araşdırma Aralıq dənizi tipli pəhrizin (balıq, zeytun yağı və tərəvəzlərlə zəngin qidalanma) yuxusuzluq riskini azaltdığını və yuxu müddətini artırdığını göstərib.
Qida əlavələri bəzən faydalı görünsə də, mütəxəssislər qida maddələrinin təbii məhsullardan alınmasının daha effektiv və təhlükəsiz olduğunu bildirirlər. Çünki bəzi vitamin və minerallar yalnız digər maddələrlə birlikdə qəbul edildikdə orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Diyetoloqlar yaxşı yuxu üçün sadə dəyişikliklər etməyi tövsiyə edirlər. Məsələn, səhər yeməyinə bir porsiya meyvə, tərəvəz və ya paxlalı əlavə etmək, günorta yeməyində isə noxudlu və ya mərcili salat seçmək yuxu keyfiyyətini yaxşılaşdıra bilər. Paxlalıların dadını artırmaq üçün onları müxtəlif ədviyyatlarla qızartmaq və ya sobada bişirmək də mümkündür.
Bununla belə, ciddi yuxusuzluq yaşayan şəxslər üçün təkcə qidalanma kifayət etmir. Belə hallarda paralel şəkildə həkim müdaxiləsi də vacibdir. Mütəxəssislər yuxu problemlərinə qarşı kompleks – həm tibbi, həm də həyat tərzi dəyişikliyini birgə tətbiq etməyi məsləhət görürlər.
Mənbə: CNN
Tərcümə etdi: Xavər Məmmədli
