Bu gün:

Ürək sağlamlığınızı riskə atan səssiz təhlükə


Müasir həyat tərzi xolesterin balansını pozur və hiperkolesterolemiya kimi xəstəliklərə səbəb olur. Bu hal milyonlarla insanda ürək-damar problemləri yaradır.


Hiperkolesterolemiya nədir?

Hiperkolesterolemiya qanda xolesterinin, xüsusilə, “pis xolesterin” (LDL) səviyyəsinin yüksəlməsidir. Bu, damar divarlarında toplanaraq ateroskleroz yaradır və infarkt, insult kimi ciddi xəstəliklərə yol aça bilər.


Hiperkolesterolemiyanın ən çox görülən səbəbləri bunlardır:

    • Genetik meyl (ailəvi hiperkolesterolemiya)

    • Sağlam olmayan pəhriz (xüsusilə doymuş yağ və trans yağ istifadəsi)

    • Oturaq həyat tərzi

    • Piylənmə

    • Şəkərli diabet

    • Bəzi dərmanların yan təsirləri


Hiperkolesterolemiya adətən simptom vermir, buna görə də, “səssiz düşmən” adlanır. Ancaq irəliləmiş hallarda göz ətrafında sarımtıl çöküntülər (ksantelazma) və vətərlərdə şişlik görünə bilər. Ən ciddi nəticəsi isə infarkt kimi qəfil ürək-damar hadisələridir.


Diaqnoz adətən qan testləri ilə qoyulur. Ümumi xolesterin, LDL, HDL (yaxşı xolesterol) və trigliserid səviyyələri qiymətləndirilir.


Müalicə zamanı:

1) Pəhriz dəyişiklikləri (daha az yağ, daha çox lif)

2) Daimi məşq

3) Çəkiyə nəzarət

4) Siqareti tərgitmək

5) Lazım olduqda dərman müalicəsi (xolesterolu azaldan dərmanlar, xüsusilə, statinlər)tətbiq edilir.


Kardioloqlar xəbərdarlıq edir: Hiperkolesterolemiya vaxtında aşkarlanmazsa, damarlarda qalıcı zədələrə yol aça bilər. Ona görə də, 20 yaşdan etibarən hər kəsin mütəmadi olaraq xolesterin səviyyəsini yoxlatması vacibdir.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et