Bədənimizdəki bir çox vacib prosesləri idarə edən görünməz, amma güclü qüvvə var: hormonlar. Onlar daxili tarazlığı qoruyan səssiz idarəçilərdir. Bu kimyəvi maddələr olmadan həyat mümkün deyil. Hormonların balanslı işləməsi sağlamlıq üçün vacibdir.

Hormonlar nədir?
Hormonlar endokrin bezlər tərəfindən ifraz olunan kimyəvi xəbərçilərdir. Hipofiz, qalxanabənzər, böyrəküstü, mədəaltı və reproduktiv bezlər bu sistemə aiddir. Hormonlar qanla bədənə yayılaraq orqan və hüceyrələrə siqnallar ötürür. Bu siqnallar sayəsində böyümə, əhval, iştaha və reproduktiv funksiyalar tənzimlənir.
Hormonlar necə işləyir?
Hormonların iş mexanizmi, ümumiyyətlə, aşağıdakı kimi işləyir:
1. İfraz: Xüsusi bir stimul (məsələn stres, aşağı qan şəkəri, menstrual sikl və s.) daxili sekresiya vəzilərini aktivləşdirir.
2. Qan dövriyyəsində iştirak: Hormonlar qanla qarışaraq hədəf orqan və ya hüceyrəyə gedir.
3. Reseptorlarla qarşılıqlı əlaqə: Hormonlar yalnız “hədəf hüceyrələrə” təsir edir. Bu hüceyrələrin müvafiq hormona xas olan “reseptor” adlanan strukturları var.
4. Cavabın yaradılması: Hormon və reseptor arasındakı qarşılıqlı təsir nəticəsində hüceyrədə müəyyən bir reaksiya hərəkətlənir. Məsələn insulin hormonu hüceyrələrin qlükoza qəbul etməsinə imkan verərək qan şəkərini balanslaşdırır.
Ən çox tanınan hormonlar
• İnsulin: Mədəaltı vəzidən ifraz olunur, qan şəkərinin səviyyəsini tənzimləyir.
• Adrenalin: Stress zamanı böyrəküstü vəzilərdən ifraz olunur, “mübarizə və ya qaç” reaksiyasını tənzimləyir.
• Estrogen və Testosteron: Reproduktiv funksiyaların və cinsi xüsusiyyətlərin inkişafında rol oynayır.
• Tiroksin: Metabolik sürəti təyin edir və qalxanabənzər vəzdən ifraz olunur.
• Melatonin: Gecə epifiz tərəfindən ifraz olunan yuxunun tənzimlənməsini təmin edir.
Hormonal disbalans nə deməkdir?
Hormonların az və ya çox ifraz olunması bədəndə müxtəlif problemlərə səbəb ola bilər. Məsələn qalxanabənzər hormon az olduqda hipotiroidizm, çox olduqda isə hipertiroidizm yaranır. Hormonal pozuntular yorğunluq, çəki dəyişikliyi, əhval pozğunluğu və menstruasiya problemləri ilə özünü göstərə bilər.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
