“Quduz” ifadəsi çəkiləndə bir çoxlarının zehnində ağızı köpüklənən, sudan uzaq qaçan canlılar yaranır. Bəs bu davranışın səbəbi nədir? Quduza yoluxan bir şəxs niyə su içə bilmir və hətta suyu görməyə belə dözə bilmir? Əslində, bu vəziyyətin səbəbi birbaşa qorxu deyil. Bu, beynin müəyyən hissələrinin infeksiyalaşması nəticəsində meydana çıxan qeyri-ixtiyari reaksiya formasıdır.

Quduz – əsasən it, yarasa kimi heyvanlardan insana keçən və beyin toxumasını hədəf alan ölümcül bir virus infeksiyasıdır. Virus orqanizmə daxil olduqdan sonra mərkəzi sinir sisteminə doğru irəliləyir və əksər hallarda 30-50 gün ərzində simptomlar özünü göstərməyə başlayır.
Virus beyində danışıq, udqunma və nəfəsalma kimi həyati funksiyaları tənzimləyən bölgələrə təsir edir. Bu isə udqunma refleksində ağrılı əzələ spazmlarına səbəb olur. Nəticədə, yoluxmuş şəxslər su içməyə və ya nəyisə udmağa çalışarkən ciddi ağrı hiss edirlər. Məhz buna görə onlar sudan deyil, udqunma prosesindən qorxurlar. Bu hal tibbi terminologiyada "disfagiya" – yəni udqunma qorxusu – adlanır.
Virusun tüpürcəkdə çoxaldığını nəzərə alsaq, udqunma refleksinin azalması virusun yayılmasını asanlaşdırır. Orqanizm daha çox tüpürcək ifraz edir, lakin xəstə onu udmaq əvəzinə bayıra atır. Bu da virusun ətrafa daha asan yayılmasına şərait yaradır. Quduzun "hidrofobiya" – yəni su qorxusu – yaratması bu zəncirvari bioloji reaksiyaların nəticəsidir.
İtlərdə də hidrofobiyanın yaranması mümkündür, lakin bu mütləq simptom hesab edilmir. Əgər itiniz başqa bir heyvanla təmasda olubsa, hər hansı əlaməti gözləmədən mütləq baytar müayinəsi vacibdir. Çünki simptomlar ortaya çıxdıqda artıq geriyə dönüş, demək olar ki, mümkün olmur. Qeyd edilməlidir ki, hər bir it dişləməsi quduz mənasına gəlmir, lakin peşəkar tibbi yoxlama mütləqdir.
Bundan əlavə, quduzdan başqa digər ciddi sağlamlıq riskləri də mövcuddur. Məsələn, it dişləməsi bakterial infeksiyalara səbəb ola bilər. Dişləmə, həmçinin əzələ, damar, sinir zədələnməsi və ya sümük sınıqlarına da yol aça bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
