
Kanadanın Alberta əyalətində, sıx meşənin yamaclarının altında nəhəng miqyaslı kütləvi bir məzarlıq gizlənib.
Burada minlərlə dinozavr bir anda, dəhşətli bir fəlakət günündə məhv olaraq basdırılıb.
İndi isə bir qrup paleontoloq 72 milyon illik bu sirri – onların necə öldüyünü – araşdırmaq üçün “Ölüm Çayı” ləqəbli Pipestone Creek ərazisinə gəlib.
Hadisənin nə baş verdiyini müəyyənləşdirmək ağır çəkic zərbəsi ilə başlayır.
Qazıntıya rəhbərlik edən professor Emili Bamforth-un “paleo qızıl” adlandırdığı qalın qaya qatını sındırmaq üçün xam gücə ehtiyac var.
Komandası torpaq və toz qatlarını incəliklə təmizləməyə başladıqca, daşlaşmış sümük yığınları tədricən üzə çıxır.
“O, gördüyünüz iri sümük hissəsi – bizcə – omba sümüyünün bir hissəsidir,” deyir professor Bamforth. Onu müşahidə edən iti Asterin bu günkü vəzifəsi yaxınlıqda ayı görsə hürməkdir.
“Baxın, bu uzun və nazik sümüklərin hamısı qabırğalardır. Bu isə maraqlıdır – barmaq sümüyünün bir hissəsidir. Bəs bu? Heç bir fikrimiz yoxdur – bu, Pipestone Creek sirrinin mükəmməl nümunəsidir.”
BBC News Pipestone Creek-ə bu ibtidai qəbiristanlığın miqyasını öz gözləri ilə görmək və tədqiqatçıların ipuclarını necə birləşdirdiklərini müşahidə etmək üçün gəlib.
Saytdan minlərlə fosil çıxarılıb və hər biri yeni kəşflərə səbəb olur.
Tapılan bütün sümüklər Paxirinozavr adlı bir dinozavr növünə aiddir. Həm bu növ, həm də professor Bamforth-un qazıntısı BBC-nin yeni möhtəşəm sənədli serialında – Dinozavrlarla Gəzintidə yer alır.
Bu heyvanlar Təbaşir dövrünün sonlarında yaşamış və Triseratopsla qohum olmuşdur. Təxminən 5 metr uzunluğunda və 2 ton ağırlığında olan bu dördayaqlı canlılar iri başlı, sümükdən ibarət təsirli tac və üç buynuza sahib idilər. Onların fərqləndirici xüsusiyyəti isə burunlarının üstündəki böyük şiş – “boss” adlanan çıxıntı idi.
Qazıntı mövsümü yeni başlayıb və hər il payıza qədər davam edir. Komandanın işlədiyi torpaq sahəsində fosillər sıx şəkildə yerləşib – prof. Bamforth hesab edir ki, hər kvadrat metrdə 300-ə qədər sümük var.
Onun komandası indiyədək tennis kortu böyüklüyündə bir sahəni qazsa da, sümük yatağı təpənin içərilərinə doğru bir kilometr uzanır.
“Sıxlığı baxımından inanılmazdır,” deyə Bamforth bildirir.
“Bu, Şimali Amerikanın ən böyük sümük yataqlarından biri ola bilər.
Dünyada məlum olan dinozavr növlərinin yarıdan çoxu yalnız bir nümunə üzərində təsvir edilib. Bizim isə minlərlə Paxirinozavr nümunəmiz var.”
Paleontoloqlar inanır ki, bu dinozavrlar qış fəslini keçirdikləri cənubdan yay üçün şimala doğru yüzlərlə mil məsafə qət edən nəhəng bir sürü ilə miqrasiya edirdilər.
Həmin dövrdə buranın iqlimi bugünkündən xeyli isti olmuş və sıx bitki örtüyü ilə zəngin olmuşdur – bu da bu qədər nəhəng ot yeyən heyvanlar üçün bol qida demək idi.
“Bu, eyni növdən ibarət tək bir icmanın müəyyən bir zaman kəsiyindəki halıdır və çox böyük nümunədir. Bu, fosil qeydlərində demək olar ki, heç vaxt rast gəlinmir,” deyə prof. Bamforth vurğulayır.
Bu Alberta bölgəsi yalnız Paxirinozavrlara ev sahibliyi etməmişdir. Daha iri dinozavrlar da burada dolaşıb və onların öyrənilməsi qədim ekosistemin anlaşılması üçün çox vacibdir.
İki saatlıq məsafədə yerləşən Deadfall Hills bölgəsinə gedirik. Oraya çatmaq üçün sıx meşədən keçmək, axan çaydan (Aster üçün isə it üslubunda üzməklə) keçmək və sürüşkən qayalıqlardan dırmaşmaq lazımdır.
Burada qazıntıya ehtiyac yoxdur – sahil kənarında axar suların süxurlardan yuyub çıxardığı nəhəng sümüklər asanlıqla görünür.
İri bir fəqərə tezliklə görünür, həmçinin palçıqda qabırğa və diş hissələri də gözə çarpır.
Paleontoloq Cekson Sveder, görünüşcə dinozavr kəlləsinə bənzəyən bir parça ilə xüsusilə maraqlanır. “Burada adətən rast gəldiyimiz dinozavr Edmontozavr adlanan ördək dimcikli ot yeyəndir. Bu kəllə sümüyüdürsə, bu, çox böyük – təxminən 10 metr uzunluğunda bir dinozavrdır,” – deyə o bildirir.
Edmontozavr, başqa bir ot yeyən olaraq, Paxirinozavr kimi meşələrdə dolaşırdı və paleontoloqlara qədim landşaftı anlamaqda kömək edir.
Sveder, yaxınlıqdakı Philip J. Currie Dinozavr Muzeyinin kolleksiya meneceridir və burada hər iki nəhəng dinozavrın sümükləri təmizlənir və araşdırılır.
Hazırda o, uzunluğu 1.5 metr olan və “Böyük Səm” ləqəbli bir Paxirinozavr kəlləsi üzərində işləyir.
O, tacın üstündə yerləşməli olan üç buynuzun yerini göstərir, lakin ortadakı buynuz yoxdur: “Demək olar ki, tam olan bütün kəllələrdə bu nöqtədə bir tikan olur. Amma bu gözəl ‘təkbuynuzlu tikan’ burada görünmür.”
İllərdir bu qeyri-adi sahədə çalışan muzey komandası 8,000 dinozavr sümüyü toplayıb. Laboratoriyanın hər yeri fosillərlə doludur – Paxirinozavrın cavanından tutmuş yaşlısına qədər bütün yaş qruplarından nümunələr var.
Bu qədər fərqli nümunə üzərində işləmək tədqiqatçılara dinozavrların biologiyası haqqında – növün necə böyüdüyü, cəmiyyətin tərkibi və fərdi xüsusiyyətlər – barədə öyrənmək imkanı verir. “Böyük Səm” kimi fərqlilikləri anlamaq üçün isə əvəzsiz imkan yaradır.
Bu ətraflı araşdırmalar – həm qazıntı sahəsində, həm də muzeydə – komandaya ən vacib sualın cavabını tapmaqda kömək edir: Pipestone Creek-də necə oldu ki, bu qədər dinozavr eyni vaxtda öldü?
“İnanırıq ki, bu sürü mövsümi miqrasiya zamanı fəlakətli bir hadisəyə düşdü və bu hadisə ya bütün sürünü, ya da böyük bir hissəsini məhv etdi,” – deyə prof. Bamforth bildirir.
Bütün dəlillər bu fəlakətin ani baş verən sel olduğunu göstərir – bəlkə də dağlar üzərində baş verən bir fırtına, dinozavrların üstünə dayanıqsız bir su seli göndərmiş, ağacları kökündən qoparmış və qayaları sürükləmişdir.
Prof. Bamforth deyir ki, Paxirinozavrların qurtulmaq şansı olmayıb:
“Bu heyvanlar kütləvi şəkildə hərəkət etdiklərinə görə sürətli hərəkət edə bilmirlər, üst tərəfləri ağırlıqlı və üzməkdə çox bacarıqsızdırlar.”
Ərazidə tapılan qayalar, sürətli axınla yaranan çöküntü burulğanlarını göstərir. Elə bil bu dağıntı zamanla daşda donmuş bir dalğaya çevrilib.
Lakin o kabus kimi gün bu gün paleontoloqlar üçün bir xəyalın gerçəkləşməsinə çevrilib.
“Bilirik ki, buraya hər dəfə gəldikdə 100% əminliklə sümük tapacağıq. Və hər il növ haqqında yeni bir şey kəşf edirik,” – deyə prof.Bamforth qeyd edir.
“Buna görə də geri qayıtmaqdan heç vaxt yorulmuruq. Hələ çox şey tapılmamış qalır.”
Komanda alətlərini yığaraq növbəti səfərə hazırlaşarkən, qarşıda hələ çox iş olduğunu bilirlər. Onlar bu ərazinin yalnız səthini cızmış olublar – və burada açılacaq daha çox ibtidai sirr onları gözləyir.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
