Yuxusuzluq təkcə gecələri deyil, bütün gün ərzində insanın halına təsir edir. Pis yuxu yorğunluq, yaddaş zəifləməsi və motivasiya azlığına səbəb ola, uzun müddətdə isə sağlamlığa ziyan vura bilər.

Gecə yuxuya gedə bilməyib tavana baxan, yastığını çevirdikcə çevirən insanlar çoxdur. Yuxusuzluq müasir dövrün əsas problemlərindən birinə çevrilib. Səhər yorğun oyanan və gün boyu ayıq qalmaq üçün qəhvə istifadə edən milyonlarla insan "Niyə yata bilmirəm?" sualına cavab axtarır.
Bəs niyə yata bilmirik?
Yuxusuzluğun səbəbi stres, texnologiya, nizamsız həyat tərzi, yoxsa bilmədən etdiyimiz səhvlərdirmi? Bu suallara Marmara Universiteti Pendik Xəstəxanasının nevroloqu Prof. Dr. Kadriyə Ağan cavab verir.
Bir insanda yuxusuzluq (insomniya) diaqnozunun qoyulması üçün bu şikayətlərin həftədə ən azı 3 gün və ardıcıl 3 ay davam etməsi lazımdır. Müşahidə edildikdə bu halların 10%-i müalicəyə ehtiyac duyur. Qadınlarda və yaşlılarda daha tez-tez rast gəlinir.
Gündəlik orta hesabla 8 saat yuxu tövsiyə olunur
Yuxu beynin və orqanların normal işləməsi üçün vacibdir. Prof. Dr. Ağan qeyd edir ki, sağlam yuxu gündə ən azı 7-8 saat olmalıdır. Son yüz ildə insanların orta yuxu müddəti 9 saatdan 6,8 saata düşüb. Gündə 7 saatdan az yatanlar yuxunun faydalarından tam yararlana bilmir.
Yuxuya getməkdə çətinlik, tez oyanmaq və ya qısa müddətli yuxu "insomniya" adlanır. Amerika Yuxu Akademiyasına görə bu, yuxu pozuntusudur. Dünyada insomniya 30% insanı əhatə edir.
Yuxusuzluğa səbəb olan bir çox faktor var
Prof. Dr. Ağan bildirir ki, bunun bir çox səbəbləri var:
“Məsələn xərçəng, endokrin, ürək və mədə-bağırsaq xəstəlikləri, eləcə də psixoloji problemlər yuxusuzluğa səbəb ola bilər. Bu hallarda əsas səbəblər araşdırılmalıdır".
Yuxusuzluq yalnız bəzi xəstəliklərlə məhdudlaşmır. Nevroloji xəstəliklər də səbəb ola bilər. Prof. Dr. Ağan bildirir ki, demans, Parkinson və epilepsiya xəstələrində həm dərmanlar, həm də xəstəliyin özü yuxusuzluq yarada bilər. Epilepsiya yuxu ilə əlaqəlidir və yuxusuzluq qıcolmanı tətikləyə bilər. Növbəli iş rejimində çalışanlarda da yuxusuzluq tez-tez olur.
Yuxusuzluqla necə mübarizə aparmalı?
Prof. Dr. Ağan deyir ki, bunun möcüzəvi bir dərmanı yoxdur. Əsas diqqət yuxu gigiyenasına verilməlidir.
Yuxu otağı yalnız yatmaq üçün istifadə edilməli, orada kompüter və televizor olmamalıdır. Yataqda yemək yemək düzgün deyil. Otaq yayda çox isti, qışda isə çox soyuq olmamalıdır. Keyfiyyətli yuxu üçün otaq qaranlıq, səssiz və rahat olmalıdır. Yatmazdan əvvəl ağır yemək yeməkdən qaçınmaq lazımdır.
Günorta yuxusu 20 dəqiqəni keçməməlidir
Yuxusuzluq problemi yaşayan insanlar digər vərdişlərini də gözdən keçirməlidirlər. Prof. Dr. Ağan yuxu problemi yaşayanlara aşağıdakı tövsiyələri verir:
“Günorta saatlarından sonra kafeinli içkilər (qəhvə, çay, qazlı içkilər) qəbul edilməməlidir, çünki yuxuya təsir göstərir. Yuxu gigiyenası üçün vərdişlər yaratmaq faydalıdır: yatmazdan əvvəl ilıq duş almaq, sakit musiqi dinləmək və ya kitab oxumaq tövsiyə olunur. Yuxusuz insanlar gündüz uzun yuxu almamalı, gündüz yuxusu 20 dəqiqədən artıq olmamalıdır".
Son olaraq, yuxu problemi yaşayan insanlara tibbi müalicə tətbiq edilə bilər. Müalicə prosesi isə yuxusuzluğun səbəbindən asılı olaraq dəyişir.
Mənbə: Trt Haber
Tərcümə etdi: Selcan İbişli
