Bu gün:

Kitabı ucadan oxumaq nitqi yaxşılaşdırırmı?


Ucadan kitab oxumaq, təbii ki, nitqimizə müsbət təsir edir. Uşaq vaxtı bizə deyilən “çox kitab oxu” ifadəsini heç birimiz unutmuruq. Ucadan kitab oxumaq, əlbəttə ki, faydalıdır, çünki diksiyanı yaxşılaşdırır.

Ucadan oxumaq təkcə diksiyaya deyil, ümumilikdə peşə və sosial həyatımıza da təsir edir. Yaxşı, ucadan oxumağın faydaları nələrdir? Gəlin birlikdə nəzər salaq.

1. Sizi səlis danışmağa vadar edir

Ucadan oxumaq səlis və tez danışmaqda sizə kömək edir. Oxuduqlarınızı eşidə bildiyiniz üçün diksiyanızdakı nöqsanları dərk edə biləcək və onu düzəltmək imkanına sahib olacaqsınız. Əgər nitq pozğunluğunuz varsa, mütəmadi olaraq ucadan kitab oxumalısınız. Beləliklə, cümlələrinizdə hansı yerlərdə vurğulamalı və intonasiyanı düzəltməli olduğunuzu başa düşəcəksiniz.

2. Motivasiya qazanmağınızı asanlaşdırır

Ucadan oxumaq motivasiya qazanmağı asanlaşdırır. Bu, bəzi diqqətinizi yayındıran şeyləri unutmağa və diqqətinizi oxumağa yönəltməyə, bununla da, motivasiya əldə etməyə imkan verir. Beyninizin sürətli işləməsini təmin edir. Səslə ağıl arasında əlaqə olduğu üçün yaddaşınızı da gücləndirir. Həmçinin diqqətinizi yaxşılaşdırır.

3. Söz ehtiyatınızı artırır

Ucadan oxumağın faydaları arasında ən önəmlisi sizin söz lüğətinizdir. Yəni ucadan kitab oxumaq ana dilinizdə sözləri öyrənməyə imkan verir və söz ehtiyatınızı artırır. Yeni sözlər öyrənəcəksiniz və bu sözlərlə cümlələr quraraq fərqinizi göstərə biləcəksiniz. Həmişə eyni sözlərlə cümlələr qurmaq dinləyicini darıxdırır və onu sıxır. Diqqəti cəlb etmək və dinlənilmək istəyirsinizsə, fərqli, təsirli, maraqlı sözlərdən istifadə etməlisiniz. Buna ucadan kitab oxumaqla nail olmaq olar.

4. Anlama bacarığını gücləndirir

Ucadan oxumaq qavrayışınızı gücləndirir. Beləliklə, bu, hisslərinizi və düşüncələrinizi necə çatdırmağınız gərəkdiyi baxımından təsirli olacaq. Ucadan oxumaq oxuduğunuzu daha yaxşı başa düşməyə kömək edir.

5. Xəyal gücünü artırır

Yüksək səslə kitab oxumaq təxəyyülünüzü inkişaf etdirir. Siz ucadan oxuduqca beyin məşğul olur və sizə kitabda danışılan hekayəni canlandırmaq imkanı verir. Kitabın personajları ilə söhbət edirmiş kimi hiss edə və onlarla danışdığınızı düşünə bilərsiniz. Qəfildən özünüzü hekayənin içində imiş kimi hiss edə və təxəyyülünüzü gücləndirə bilərsiniz.

6. Səs tonunuzu yaxşılaşdırır

Ucadan oxumaq səs tonunuzu tənzimləməyə kömək edir. Danışığınızda harada vurğu qoyacağınızı öyrənə bilərsiniz. Cümlənin mənasına uyğun olaraq səsinizi yüksəltməklə və ya aşağı salmaqla emosiya əlavə edə biləcəksiniz.

7. Biliklərinizi artırır

Ucadan oxumaq həm də biliklərinizi artırır. Kitablar həm də məlumat ötürdüyü üçün onları ucadan oxuduqca yeni öyrəndiyiniz məlumat da, təbii olaraq, yaddaşınızda yer alacaq. Buradan öyrənəcəyiniz məlumatları çıxış edərkən sitat gətirərək auditoriyaya ötürə bilərsiniz.

8. Unutqanlığa yaxşı gəlir

Ucadan oxumaq unutqanlığa yaxşı gəlir, çünki beyin əzələlərinin işləməsinə kömək edir və zehni gücləndirir.

9. Emosional zəkanı gücləndirir

Ucadan oxumaq emosional intellektinizi inkişaf etdirməyə kömək edir. Oxuduğunuz cümlənin mənasından asılı olaraq səsinizlə emosiya qatıb hiss edə bilərsiniz. Beləliklə, danışarkən çatdıracağınız mətnin məzmununa uyğun olaraq duyğu axını ilə nəql etmək sizin üçün daha asan olacaq.

10. Nəfəsə nəzarəti təmin edir

Ucadan oxumaq danışarkən nəfəsini idarə edə bilməyən insanlar üçün, xüsusilə, təsirlidir. Nəfəsinizi idarə edə bilmirsinizsə, keyfiyyətli nitqiniz ola bilməz. Söhbət əsnasında boğulma, istirahətə ehtiyac, yorulma kimi mənfi təsirlər yaşamaq istəmirsinizsə, mütləq ucadan kitab oxumalısınız.

11. Dinləmə bacarığı qazandırır

Ucadan oxumağın faydaları arasında, bəlkə də, ən əhəmiyyətlisi dinləmək bacarığıdır. Beləliklə, səs tonunuzun başa düşülməsini və eşidilməsini təmin edə biləcəksiniz. Danışıq sahəsinə uyğun olaraq səs tonunuzu tənzimləmək və dinləmək qabiliyyətinə sahib olacaqsınız.

Əgər yuxarıda verdiyimiz məlumatları nəzərə alsanız, həm karyeranızda, həm də şəxsi həyatınızda gözəl danışıq qabiliyyətinə malik olacaqsınız.

Mənbə: Sinema Akademi

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et