Bu gün:

Elm izah edib ki, öləndə parlayırıq


Kanadada aparılan elmi araşdırma, canlıların ölüm anında zəif bir işıq yaydığını ortaya çıxarıb.

Kanadada aparılan araşdırmalar göstərir ki, həyatın sona çatdığı "son anda" orqanizm mikroskopik səviyyədə parlayaraq bir növ "vida siqnalı" verir.

Kalqari Universiteti və Kanada Milli Tədqiqat Şurasının birgə apardığı bu araşdırmada həm siçanlar, həm də bəzi bitki növləri araşdırılıb. Tədqiqata rəhbərlik edən fizik, doktor Vahid Salari və komandası canlıların ölüm anında adi gözlə görülməyəcək qədər zəif, “biofotonlar” adlanan işıq zərrəcikləri yaydıqlarını aşkar ediblər.

Bu fenomen elm aləmində "ultrazəif foton emissiyası" (UPE) adlanır. Canlı orqanizmlərdə həyat davam etdikcə davam edən bu emissiya birdən-birə ölümlə bitir. Tədqiqatçıların fikrincə, bu, işıq vasitəsilə bioloji həyatı izləmək üçün yeni qapılar aça bilər.

Əldə edilən məlumatlara görə, işığın mənbəyi bədən istiliyi deyil, hüceyrə səviyyəsində oksidləşdirici stressdir. Xüsusilə hüceyrədə reaktiv oksigen növlərinin artması ilə bu işığın gücləndiyi ifadə edilir.

Təcrübələrdə biofoton emissiyası ilk dəfə dörd siçanda canlı ikən və qaranlıqda müşahidə edilib. Daha sonra öldürülən siçanlar eyni mühitdə yenidən qeydə alınıb və məlum olub ki, ölümdən sonra foton emissiyası demək olar ki, tamamilə dayanıb.

Bənzər bir təcrübə bitkilər üzərində aparılıb və kimyəvi maddələrə və ya stresə məruz qalan bitkilərdə işıq emissiyasının əhəmiyyətli dərəcədə artdığı müşahidə edilib.

Tədqiqatçılar biofoton emissiyasının gələcəkdə qeyri-invaziv diaqnostika üsullarının hazırlanması üçün istifadə oluna biləcəyini proqnozlaşdırırlar. Bu üsulla stress, xəstəlik və ya toxuma zədələnməsi kimi hallar erkən mərhələdə aşkar edilə bilər. Tədqiqatın nəticələri nüfuzlu “The Journal of Physical Chemistry Letters” elmi jurnalında dərc olunub. 


Mənbə: Sözcü

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et