Bu gün:

Hər gün mütləq 8 saat yuxuya ehtiyacımız var?


Hər birimiz az qala hər gün 8 saat yatmağın vacib olduğunu eşidib. Lakin bu qayda doğrudanmı hər kəs üçün keçərlidir? Elm dünyası bu sualda yekdil fikirdə deyil. Yuxuya olan tələbat yaşa, həyat tərzinə, hətta genetik amillərə görə dəyişə bilir. Göründüyü kimi yuxu ilə bağlı doğru bildiyimiz səhvlərin sayı düşündüyümüzdən daha çoxdur.

Əslində, insanın bioloji xüsusiyyətlərində olduğu kimi yuxu ehtiyacı da fərddən-fərdəyə dəyişir. Aparılan tədqiqatlar göstərir ki, sağlam böyüklər üçün gündə 7-dən 9 saata qədər yuxu ideal hesab olunur. Lakin yaş artdıqca və həyat ritminə görə bu ehtiyac dəyişir. Məsələn, yeni doğulmuş körpələr üçün gündə 14–17 saat məktəb yaşlı uşaqlar üçün isə 9–11 saat yuxu tövsiyə edilir. Yeniyetmələr üçün 8–10 saatlıq yuxu kifayət etdiyi halda, yaşlı insanlarda bu müddət 7–8 saata qədər azalır. Deməli, "mütləq 8 saat yatmalısınız" fikri bütün insanlar üçün keçərli deyil.

Tez-tez eşitdiyimiz digər bir iddia isə orqanizmi daha az yuxuya öyrətməyin mümkün olmasıdır. Lakin mütəxəssislər bu məsələdə fəqrqli fikirlər irəli sürürlər. Bir çox  insan 6 saatdan az yatdıqda əslində performans itkisi yaşayır, lakin bunu hiss etmir. Yuxu üzrə mütəxəssis Sintiya LaJambe bildirir ki, insanlar özlərini yuxusuzluğa uyğunlaşdıqlarını zənn etsələr də, əslində funksional zəiflik yaşamaqdadırlar.

Nadir hallarda bəzi şəxslərin genetik mutasiya nəticəsində az yuxu ilə kifayətlənə bildiyi məlum olsa da, bu çox istisna haldır. Ümumi qayda belədir: orqanizmi az yuxuya "proqramlaşdırmaq" mümkün deyil və bu istiqamətdə israr etmək sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Yuxunun az olması kimi, artıq yuxunun da sağlamlıq baxımından riskləri var. Uzunmüddətli bir araşdırma göstərib ki, həm az, həm də çox yatmaq piylənmə riskini artırır. Həmçinin bəzi tədqiqatlar artıq yuxunun ölüm riskini də yüksəldə biləcəyini irəli sürür.

Uzunmüddətli yuxunun sağlamlığa faydalı ola biləcəyi düşünülə bilər, lakin bu həmişə belə olmur. Alimlər bu məsələyə aydınlıq gətirmək üçün daha çox məlumat toplamağa çalışırlar. Qısası, artıq yuxu da az yuxu qədər diqqət tələb edən bir mövzudur.

Bəs gündüz yatmaq faydalıdırmı?

Aparılan tədqiqatlar göstərir ki, qısa müddətli yuxular diqqət, reaksiya sürəti və əhval-ruhiyyə baxımından müsbət təsir göstərir. Lakin uzunmüddətli gündüz yuxuları insanı dərin yuxuya sala və ayıldıqda halsızlıq hissi yarada bilər. Hətta həddindən artıq gündüz yuxusu bəzi sağlamlıq risklərini də artıra bilər.

Araşdırmalar mütəmadi olaraq qısa yuxu fasilələri edən insanlarda ürək və beyin sağlamlığı baxımından müəyyən müsbət təsirlərin müşahidə edildiyini göstərir. Bununla belə, uzunmüddətli nəticələri daha dəqiq anlamaq üçün əlavə araşdırmalara ehtiyac duyulur.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et