
Son zamanlar keçirdiyim burun əməliyyatından sonra həyatımın demək olar ki, hər bir sahəsi yaxşılaşdı – allergiyalarımdan tutmuş psixi sağlamlığıma qədər. Bu, təsadüfi olmaya da bilər. Burunla nəfəs almaq – üzünüzün önündə gizlənən bir supergücdür.
Özümü bildim-biləli, hər nəfəsim sanki sualtı üzgüçülüyə hazırlaşmaq kimi idi – ciyərlərimi tam doldura bilməyən ağır hava çəkimi. Çox vaxt burnumda yüngül bir fit səslə gəzirdim, dua edirdim ki, heç kim eşitməsin. Ən pis problem isə çoxlarının inanmadığı kiçik bir qüsur idi: üzümün amansız quruluşu burun silməyimi fiziki olaraq mümkünsüz etmişdi. Dünya daimi bir “sniff” səsi idi.
Həyat mənə əyri burun çəpəri – septum – bəxş etmişdi. Ən yaxşı günlərdə belə sağ burun dəliyim bağlı olurdu və allergiyanın ən kiçik işarəsində belə ağızla nəfəs almağa məcbur qalırdım. Bu burun problemi hətta yuxu apnoeyama – gecə nəfəsin kəsilməsi halına – səbəb olurdu. Bu hal isə insanın gecə dəfələrlə oyanmasına və istənilən səbəbdən ölüm riskinin artmasına gətirib çıxarır. Lakin illərlə yaşadığım bu narahatlıqlardan sonra həkimim əməliyyat təklif etdi. Plan, burun çəpərimi düzəltmək və turbinaları – nəfəs aldıqda havanı təmizləyən və isladan seliklə örtülü sümük strukturları – kiçiltmək idi. Bu toxumaların mövcudluğundan belə xəbərim yox idi. Artıq hər şeyi sınamağa hazır idim, beləliklə, 3 yanvar 2025-ci ildə əməliyyata girdim.
“Sadədir: burun nəfəs almaq, ağız yemək üçündür” – Ann Kearney
Bir aylıq sağalma dövründən sonra tam funksional bir buruna sahib oldum. İlk dəfə olaraq hər iki burun dəliyindən rahat və dərindən nəfəs ala bildim. Burnunu silmək isə əsl sevinc hissi imiş – indi bundan zövq alıram. Yuxu apnoeyam tam yox olmasa da, yaxşılaşma müşahidə etdim. Görünür, əməliyyat bir çox digər müsbət təsirlərə də səbəb olub. Burundan nəfəs almağın təəccüblü faydaları var və bunları yaşamaq üçün mütləq əməliyyata ehtiyac yoxdur. Əslində, burnunuzla nəfəs almaq psixi sağlamlığınızı belə yaxşılaşdıra bilər.
Ən açıq fayda, Kaliforniya Universitetindən qulaq, burun, boğaz üzrə həkim Jacquelyn Callander-in dediyinə görə, turbinalarla bağlıdır. “Onlar nəfəs aldığınız havanı isidib nəmləndirməkdə əsas vasitədir və bu, olduqca vacibdir. Eyni zamanda filtr rolunu da oynayırlar”, – deyir Callander.
Burnunuzdakı tüklərlə birlikdə turbinalar toz, bakteriya, virus və s. kimi maddələri süzərək, ağızla nəfəs alma zamanı əldə olunmayan bir üstünlük təmin edir. “Onlar immun sisteminizin ilk müdafiə xətti ola bilər”, – deyə Callander izah edir.
Burunla nəfəs almağın faydaları ilə yanaşı, ağızla nəfəs almağın zərərləri də var. Stanford Universitetində yuxu və udma problemlərini araşdıran nitq-terapiya mütəxəssisi Ann Kearney deyir: “Çoxlu araşdırmalar ağızla nəfəs almağın ağız sağlamlığı problemləri ilə əlaqəli olduğunu göstərir”.
Ağızla nəfəs alma ağızda quruluq və turşuluğu artırır – bu isə kariyes, diş emalının zəifləməsi və diş əti xəstəliklərinə gətirib çıxara bilər. Artan sübutlar göstərir ki, uşaq yaşlarında ağızla nəfəs alma diş və çənə quruluşunu poza, hətta üz formasını dəyişdirə bilər.
“Burnunuz nəfəs almaq, ağzınız isə yemək üçündür”, – Kearney deyir.
Əyri burun çəpəri və ya digər burun tıxanıqlığı olanlar üçün bu seçim çətin ola bilər. Amma Kearney deyir ki, bir çox ağızla nəfəs alanlar müəyyən hallarda burunla nəfəs almağı seçə bilərlər. “İlk başda rahat olmaya bilər. Ağızdan buruna keçid bir uyğunlaşma tələb edir. Amma hər nəfəsdə faydaları hiss olunmağa başlayır”.
Əksər sağlam insanlar yuxuda burunla nəfəs alır, lakin bəziləri hava axtarışında ağızlarını açır. Bu isə problem yaradır, Kearney deyir: “Bu, dilin mövqeyi ilə bağlıdır”.
Kearney deyir ki, bunu özünüz hiss edə bilərsiniz: ağzınız bağlı olanda, dilinizin ucu damağınıza toxunur, arxası isə boşalır – bu da nəfəs yolunu açır. Amma ağzınızı boş saxlayanda, üz əzələlərinizi boşaldanda dilinizin arxaya, boğaza doğru hərəkət etdiyini görəcəksiniz – xüsusilə başınızı arxaya əyəndə. Bu da hava yolunu daralda və tıxanmalara səbəb ola bilər. Hətta xorultuya bənzər səslər də eşidə bilərsiniz.
Tıxanıqlı buruna malik insanlar çox vaxt gecə ağızla nəfəs alırlar ki, bu da yuxu apnoeyasına səbəb olur. Bu vəziyyət təqribən 1 milyard insana, bəzi ölkələrdə əhalinin 50%-nə təsir edir. Ən yaxşı halda belə, yuxu apnoeyası həyat keyfiyyətini aşağı salır. Ən pis halda isə – vaxtsız ölümə yol aça bilər.
Yuxuda ağızla nəfəs almaq, yuxu apnoeyası olmasa belə, xorultu və digər zərərlərə səbəb ola bilər. Buna qarşı internetdə sağlamlıq influencer-lərinin təklif etdiyi mübahisəli bir üsul var: ağız lentləmə. Bəli, bu, adından göründüyü kimidir. Bir parça lentlə ağzınızı bağlayırsınız və bu, sizi burunla nəfəs almağa məcbur edir.
Lakin bəzi mütəxəssislər bunun riskli ola biləcəyini bildirirlər. Kearney bu üsulu şəxsi olaraq dəstəkləsə də, bəzi insanlar üçün bu, nəfəs almağı çətinləşdirə bilər. “Əgər xoruldursunuzsa, burnunuzla nəfəs almaqda çətinlik varsa və ya yuxu apnoeyasından şübhələnirsinizsə, ENT – qulaq, burun, boğaz həkiminə müraciət edin”, – deyir Kearney.
Ağız lentləmə hələlik yeni təcrübədir. Bir çox ENT həkimi bu metodun effektivliyi və təhlükəsizliyi ilə bağlı kifayət qədər tədqiqat olmadığını bildirir. Məsələn, Tayvanda aparılan bir araşdırmada 20 nəfərdə bu üsul yuxu apnoeyasını və xorultunu azaltmışdı, lakin kiçik nümunə və nəzarət qrupu olmadığından nəticələr qeyri-müəyyəndir.
“İndiyə qədər ağız lentləmənin yuxu apnoeyasını azaldıb-azaltmadığını və ya gecə nəfəs almağı yaxşılaşdırıb-yaxşılaşdırmadığını sübut edən güclü elmi sübut yoxdur”, – deyir Callander. “Amma bu, ucuzdur və bəzi insanlara faydalı ola bilər”. Əgər sınamaq istəyirsinizsə, ilk addım bir yuxu mütəxəssisinə və ya ENT həkiminə müraciət etməkdir.
Callander deyir ki, bəziləri üçün burun bantları – burunu xaricdən açıq saxlayan plastırlar – daha faydalı ola bilər. “Bəzilərində burun klapanının çökməsi olur, nəfəs alarkən burun boşluğunda təzyiq azalır və bu bantlar kömək edə bilər.” Bəziləri hətta idman edərkən də bu bantlardan istifadə edir. Lakin əyri çəpər və ya böyümüş turbinalar varsa, bu bantlar çox da faydalı olmayacaq.
Zehnin külək zəngi
Zamanla burunla nəfəs almağın fiziki faydaları daha çox anlaşılsa da, beynimizlə burun arasında olan əlaqə çox zaman unudulur. Mənim təcrübəmdə burnumla nəfəs alma təkcə bədənimə rahatlıq gətirmədi – zehni rifahıma da təsir etdi.
Burnu zehnin külək zəngi kimi təsəvvür edə bilərsiniz: burundan keçən hava beyin funksiyalarına gözlənilməz təsirlər göstərə bilər. Burunla nəfəs alma limbik sistemə – emosiyalar və davranışı tənzimləyən beyin sahələrinə – müsbət təsir göstərir.
“Bəzi tədqiqatlar göstərir ki, ritmik, yavaş burun nəfəsi beyindəki dalğaları yavaşladır və sakitlik yaradır”
Məsələn, 2023-cü ildə aparılan bir araşdırma burunla nəfəs almağın qan təzyiqini və ürək döyüntülərindəki dəyişkənliyi azaltdığını – yəni rahatlıq yaratdığını – göstərib. “Bu, hipertoniya müalicəsi deyil”, – deyir Florida Dövlət Universitetindən fizioloq Joe Watso. “Amma burundan nəfəs alma sinir sisteminizdə sakitləşdirici effekt yaradır”. Tədqiqatlar göstərib ki, burunla nəfəs alma məkan oriyentasiyasını yaxşılaşdırır, yaddaşı gücləndirir və reaksiyanı sürətləndirir.
Səbəbi tam bilinməsə də, burnumuzla nəfəs aldıqda qoxuları qəbul edən sinirlər – olfaktor sinirlər – aktivləşir, hətta ətrafda heç bir qoxu olmasa belə. Əsas nəzəriyyə budur ki, bu proses beyində müxtəlif sahələr – amiqdala, hipokampus və s. – arasında elektrik aktivliyini sinxronlaşdırır. Nəticədə parasimpatik sinir sistemi aktivləşir – bu sistem isə bədəni sakitləşdirir və enerji ehtiyatlarını qoruyur.
Elm, meditasiya və yoga ilə məşğul olanların min illərdir dediyini təsdiqləyir: burnunla nəfəs al, ruhi rahatlıq tap. Bəzi araşdırmalar ritmik burun nəfəsinin beyin korteksindəki dalğaları yavaşlatdığını, bunun da sakit bir zehni vəziyyət yaratdığını göstərir. Watso və digər tədqiqatçılar burun stimulyasiyasının meditasiya faydalarının fizioloji izahı ola biləcəyini düşünür.
Burnumu düzəltdiyimdən bəri həyatımın demək olar ki, hər sahəsi yaxşılaşıb – psixi sağlamlığım da daxil. Anksiyetam azalıb, diqqətim artıb, ümumi əhvalım yüksəlib. Bu təsadüf olmaya bilər.
“Əgər daha yaxşı yatırsınızsa, bu artıq həyat keyfiyyətinizə və rifahınıza birbaşa təsir edir. Amma bəlkə də parasimpatik sinir sisteminizi əvvəllər olduğundan daha tez-tez aktivləşdirirsiniz”, – deyir Callander.
Mənim təcrübəmə görə, klassik məsləhət çox doğrudur: narahat və ya əsəbi olanda dərin nəfəs al. Amma gələn dəfə onu burnunla al.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
