24Media.az-ın budəfəki müsahibi pediatr Günay Rəsulovadır. O, uşaq arabası əvəzinə uşaqların market səbətlərində daşınmasından və bunun mənfi tərəflərindən danışıb.
- Mağazalarda uşaq arabası əvəzinə market səbətindən istifadə etmək doğrudurmu?
Əlbəttə, uşaqları uşaq arabası əvəzinə market səbətində oturtmaq həm təhlükəsizlik, həm də sağlamlıq baxımından ciddi risklər yaradır. Bu davranış bir çox valideynlərin alış-veriş zamanı rahatlıq məqsədilə etdikləri bir vərdiş olsa da, əslində, bir sıra təhlükələrə yol aça bilər.
Market səbətləri ərzaq və məhsulların daşınması üçün dizayn edilib, uşaqların oturması və ya daşınması üçün uyğun strukturda deyil. Onların oturacaq hissəsi uşaq arabaları kimi ortopedik və təhlükəsiz deyil. Bu səbətdən istifadə edərkən uşaq asanlıqla yıxıla və ya sürüşə, yan dayaq və təhlükəsizlik kəməri olmadığı üçün qəfil hərəkətlə səbətdən düşə, həmçinin oturacaq hissəsi sərt və metaldan olduğu üçün narahat ola bilər.
Uşaqlar adətən çox hərəkətli olurlar. Səbətin ucu və kənarları iti olar və ya səbət çevrilə bilər. Belə vəziyyətlərdə uşaq baş, boyun və ya digər bədən hissələrindən xəsarət ala, nəticədə səbətin yuvarlanması və ya çöküşü uşağın ciddi zədə almasına səbəb ola bilər.
-Uşağın market səbətində oturması hansı sağlamlıq risklərini yarada bilər?
Market səbətləri gün ərzində onlarla, bəzən yüzlərlə insan tərəfindən istifadə olunur. Onlar tez-tez təmizlənmir və uşaqların toxunduğu yerlərdə zərərli bakteriyalar, viruslar, allergenlər və çirkli əşyaların qalığı ola bilər. Xüsusilə körpələrin ağızlarını səbətin tutacaqlarına, metallara yaxınlaşdırmaları infeksiyalara yol açar. Ayaqqabı ilə oturan uşaqlar səbətin içinə mikrob və kir yayır, bu da həm uşaq üçün, həm də səbətdə daşınacaq ərzaq məhsulları üçün gigiyenik təhlükədir. Uşağı alış-veriş zamanı uşaq arabasında saxlamaq daha təhlükəsiz və sağlamdır.
Çinarə Tarverdiyeva