Bu gün:

Epigenetik üsullarla nəsilləri formalaşdıran güc


Metilaşdırma: Epigenetikanın əsas daşı
Artıq məlumdur ki, genlər yalnız DNT ardıcıllığı ilə deyil, həm də onun üzərində baş verən kimyəvi dəyişikliklərlə — yəni epigenetik modifikasiyalarla- “aktiv” və ya “passiv” vəziyyətə keçə bilər. Bu dəyişikliklərə DNT metilaşdırılması və histon modifikasiyaları daxildir. 

Histonlar DNT-nin ətrafında dolandığı zülallardır və onların dəyişməsi gen fəaliyyətinə birbaşa təsir edir. Belə dəyişikliklər "epigenetik izlər" adlanır və onların cəminə "epigenom" deyilir. Epigenetik dəyişikliklər əsasən ətraf mühit təsirlərindən qaynaqlanır. Məsələn, qidalanma, siqaret çəkmə, stress kimi faktorlar hüceyrələrə siqnallar göndərərək onların gen ifadəsini dəyişdirə bilir. Əhəmiyyətli olan budur ki, bu dəyişikliklər DNT ardıcıllığını dəyişmədən baş verir. Bəzi epigenetik dəyişikliklər müvəqqəti olsa da, bəziləri qalıcı ola bilir və siqnal yox olduqdan sonra da gen ifadəsinə təsir etməyə davam edir.


Metilaşdırma dedikdə DNT və histonların üzərinə metil qruplarının əlavə olunması nəzərdə tutulur. Bu, genin "səsini kəsmək" kimi təsvir edilə bilər — yəni gen artıq aktiv olmur. Əksinə, asetil qruplarının əlavə olunması isə gen ifadəsini artırır.
Bəzən bu epigenetik izlər nəsildən-nəsilə keçə bilər. Bitkilərdə bu fakt sübut edilib. Amma məməlilərdə, xüsusilə insanlarda bu proses daha mürəkkəbdir və hələ də elmi mübahisə mövzusudur.


Holland aclığı (1944-1945)


İkinci Dünya Müharibəsi zamanı 1944-cü ilin qışında Hollandiyanın qərb bölgəsində ciddi aclıq yaşandı. Bu dövrdə hamilə olan qadınların uşaqlarında şəkər, piylənmə, ürək-damar xəstəlikləri kimi problemlər müşahidə olundu. Hətta bu uşaqların öz övladları da normaldan kiçik doğuldular. Bu fakt göstərir ki, ana bətnindəki uşaqların sağlamlığı analarının qida vəziyyətindən və dolayısı ilə epigenetik izlərdən təsirlənir. Aclıq zamanı əskik olan maddələr, məsələn, metil qrupları yaradan vitamin və amin turşuları düzgün metilaşmanın qarşısını alıb və bu da gələcək nəsillərə ötürülüb.

Bu prosesdə əsas rol oynayan molekullara metionin, betain, xolin, fol turşusu, sink və B12 vitamini daxildir. Bunlar metil qruplarını daşımaq və DNT üzərinə əlavə etmək üçün vacibdir.

Mənbə: Encyclopedia of the Environment 


Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et