Heç başqasının eynəyini taxaraq ətrafı bulanıq gördüyünüz olubmu? Ardınca yüngül baş ağrısı və ya göz yorğunluğu hiss edilir. Bəzən yaşlı insanlar da eynəklərini unutduqda ətrafdakılardan istifadə etməyə çalışırlar. Məhz belə hallarda “Görəsən, gözümə zərər verdimmi?” sualı ağla gəlir. Bəs elm bu barədə nə deyir?

Cavab kifayət qədər aydındır: Xeyr, başqasının nömrəli eynəyini taxmaq gözlərdə qalıcı zədələnməyə səbəb olmur, lakin narahatlıq yaradır. Düzgün nömrəli olmayan eynək taxıldıqda gözlər aydın görmək üçün əlavə səy göstərir ki, bu da bulanıq görmə, baş ağrısı, göz yorğunluğu, bəzən isə yüngül başgicəllənməsi kimi narahatlıqlara səbəb ola bilər.
Əslində, eynəklər görmə pozuntularını düzəltmək üçün istifadə olunur. Lakin yaş artdıqca gözlərdə təbii dəyişikliklər baş verir. İnsanlar bəzən eynək taxdıqları üçün görmələrinin zəiflədiyini düşünürlər, halbuki bu dəyişikliklər əksər hallarda yaşla əlaqədardır. Xüsusilə 40 yaşdan sonra yaxın məsafəni aydın görmədə çətinlik tibb dilində “presbiopiya” adlanan prosesin nəticəsidir və bu hal eynəkdən asılı olmayaraq inkişaf edir. Eyni qaydada miopiya və ya hipermetropiya kimi problemlər də eynək istifadəsindən müstəqil şəkildə irəliləyə bilər.
Uyğunsuz eynəklə uzun müddət vaxt keçirmək göz quruluşunu dəyişdirməz, lakin ciddi narahatlığa səbəb ola bilər. Xüsusən ekran qarşısında və ya süni işıq altında çalışan şəxslərdə bu hallar daha çox müşahidə olunur. Uşaqlarda isə düzgün olmayan eynək istifadəsi diqqət dağınıqlığına və öyrənmə prosesində çətinliklərə yol aça bilər.
Dəqiq nömrəli eynəklər isə görmə keyfiyyətini artırır və gözlərin yüklənməsinin qarşısını alır. Hətta bəzi xüsusi eynəklər müəyyən göz xəstəliklərinin inkişafını ləngitməyə də kömək edə bilər. Həm gündəlik həyatda, həm məktəbdə, həm də yolda aydın görmək təhlükəsizliyi və fəaliyyət səmərəliliyini artırır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
