Bu gün:

Fiziki və emosional ağrının elmi izahı necədir?


Bir yerinizi incitdiyinizdə, beyniniz dərhal reaksiya verir və ağrı olan bölgəyə diqqət yetirirsiniz. Onun fərdi olması ölçülməsini çətinləşdirir, amma elm adamları bu sirri anlamaq üçün müxtəlif təcrübələrlə araşdırmalar aparırlar.

Ağrı nöqtəsi bir hissənin narahatlıqdan ağrıya çevrildiyi nöqtədir. Məsələn, biləyinizə tətbiq edilən təzyiq əvvəlcə sadəcə basqı kimi hiss olunur, amma bu basqının artması sizin ağrı nöqtənizdir. 

Ağrı toleransı isə dözə biləcəyiniz ən yüksək ağrı səviyyəsidir. Bəzi insanlar kiçik bir cızıqda belə əziyyət çəkərkən, digərləri qırıq bir sümüklə belə hərəkət etməyə davam edə bilirlər.

Elmi baxımdan ən intensiv fiziki ağrılardan biri uyluq sümüyünün qırılmasıdır, çünki bu, bədənin ən uzun və qalın sümüklərindən biridir. 

Ağrı yalnız fiziki deyil, həm də emosional ola bilər. Birini itirmək, tərk edilmək və ya sevilmədiyini hiss etmək beynin fiziki ağrı mərkəzlərini aktivləşdirə bilər. Yəni “qəlbim sındı” ifadəsi elmi baxımdan düşündükdə, sadəcə bir metafora deyil.

1930-cu illərdə Cornell Universitetindən üç tədqiqatçı, "dolorimetr" adlı bir cihaz inkişaf etdirdilər. Bu cihazla, iştirakçılara 3 saniyəlik nəzarətli yanıq tətbiq edilir və ağrı dərəcələri "dol" adlı yeni bir vahidlə ölçülürdü. Məsələn, ikinci dərəcəli yanıq yaşayan bəzi iştirakçılar ağrılarını 8 dol olaraq təsvir edirdilər. Lakin, ağrının fərdi dəyişkənliyi və digər faktorlar səbəbindən bu sistem elm dünyasında geniş qəbul edilmədi.

Ağrıya dözüm həm anadangəlmə, həm də sonradan öyrənilən xüsusiyyət ola bilər. Məsələn, heç vaxt düşməyən və ya idman etməyən bir uşağın ağrı toleransı, tez-tez düşüb qalxan bir uşaqla eyni olmaya bilər. II Dünya Müharibəsi zamanı, eyni dərəcədə yaralanan əsgərlər mülki şəxslərə nisbətən daha az ağrı hiss edirdilər, çünki onların yaşadığı şərait müharibə idi. İdmançılar, rəqqaslar və davamlı fiziki çətinliyə məruz qalan şəxslər də bu səbəbdən daha yüksək ağrı toleransına sahib ola bilərlər.

Bəzi hallarda, beyin "ağrı yoxdur" dediyi zaman, insan həqiqətən də ağrını hiss etməyə bilər. Bu, plasebo effektidir. Yəni, bir insanın ağrı kəsici qəbul etdiyini düşündüyü zaman, hətta əslində heç bir dərman qəbul etməsə belə ağrısının azalması mümkündür. 

Ağrı, həm fiziki, həm də emosional tərəfləri olan mürəkkəb bir təcrübədir. Onun ölçülməsi və anlaşılması çətin olsa da, elm adamları bu sahədə araşdırmalarını davam etdirirlər.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli


Paylaş
Şərh əlavə et