Mövsüm dəyişiklikləri zamanı xəstəliklərin artdığı çoxsaylı araşdırmalarla sübut olunub. Xüsusilə, yaz və payızda soyuqdəymə halları artır. Bunun səbəbi yalnız üşümək deyil; immun sisteminin zəifləməsi, allergiyalar, temperatur dəyişikliyi də rol oynayır.
Havalar dəyişəndə niyə dərhal xəstələnirik?
Soyuqdəyməyə səbəb olan rinovirus infeksiyalarında ən böyük artım payızda müşahidə olunur, lakin mütəxəssislər yaz aylarında da ikinci bir xəstəliyin yaşandığını bildirirlər. Bu artımda allergiyaların mühüm rolu var, çünki burun daxilindəki allergik iltihab virusların orada yayılmasını asanlaşdırır.
Allergiyanız olmasa belə, ani temperatur dəyişiklikləri, külək və ya təzyiq dalğalanmaları tənəffüs yollarını qıcıqlandıraraq immun sisteminin müdafiə xəttini zəiflədə bilər. Xüsusilə, yazda hava hələ soyuq olsa da daha çox çöldə vaxt keçirməyimiz bu riski artırır. Yəni, hava gözəl görünsə də, bədən hələ də qış rejimindən çıxmamış ola bilər.
Bəs məsələ temperaturda deyil, bədənimizin verdiyi reaksiyadadırsa?
Yale Universitetində aparılan bir araşdırma, mühit temperaturunda 7 dərəcəlik bir azalmanın immun sisteminin soyuq viruslarına qarşı mübarizə qabiliyyətini ciddi şəkildə zəiflətdiyini göstərib. Bu, bədənin infeksiyalara qarşı istifadə etdiyi interferon kimi qoruyucu zülalların daha az ifraz edilməsinə səbəb olur.
Xüsusilə, mühit temperaturu 37 dərəcədən 33 dərəcəyə düşdükdə, virusların çoxalma sürətinin artdığı müəyyən edilib. Yəni yaz aylarında hava nə qədər soyuq kimi hiss olunmasa da, hələ tam isinməyib və bu, bədənin müdafiəsini zəiflədə bilər. Beləliklə, təmiz hava almaq üçün çölə çıxdığımızda, istəmədən xəstəliklərə dəvət göndərə bilərik.
Tam sağalmışkən niyə yenidən xəstələnirik?
Cavab yalnız havada deyil, ətraf mühitdə də gizlidir. Yaz aylarında xəstəliklərin artmasının tək səbəbi temperatur deyil. Bahar tətili kimi dövrlərdə edilən səyahətlər, uşaqların məktəbə qayıtması və ictimai nəqliyyat kimi insanların sıx toplandığı yerlərdə daha çox vaxt keçirilməsi, virusların yayılmasını asanlaşdırır.
Xüsusilə, yaz aylarında insanlar açıq havada daha çox vaxt keçirdikcə sosiallaşma artır və bu da xəstələnmə riskini yüksəldir. Eyni hava temperaturu qışda bizi evdə saxlayarkən, yazda çölə çıxmağa təşviq edir. Beləliklə, xəstəliyin mənbəyi həm təbiətdən, həm də öz davranışlarımızdan qaynaqlana bilər.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
